"Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Rəqib bizə qarşı çox aqressiv oynayırdı. Oyunun əvvəlində müəyyən qədər problemlə üzləşdik. Bu da stadiondakı ot örtüyü ilə bağlı idi.Bizim üçün qələbə çox vacib idi. Çünki liderlə xal fərqinin artmasına imkan verməməli idik”.
Sportal.az xəbər verir ki, bu sözlər "Qarabağ”ın futbolçusu Muarem Muaremə məxsudur. "Qarabağ” Azərbaycan Premyer Liqasının X turunda səfərdə AZAL-ı minimal hesabla məğlub edib – 1:0. Matçdan sonra fikirlərini bildirən Ağdam klubunun yeganə qolunun müəllifi "AZAL Arena”dakı durumdan şikayətlənib:
"Həqiqətən çətin idi. "AZAL Arena”da olan süni ot örtüyü digər meydançalardan çox fərqlidi. Bizim üçün çox çətin idi, ayaqlarımız ağrayırdı. Ancaq ilk dəfə deyildi ki, bu stadionda oynayırdıq. Stadiondakı durum hər iki komanda üçün eyni idi. Ot örtüyünün əvvəldən çətinlik yaradacağını bilirdik və buna görə hazırlaşmışdıq. Sadəcə, rəqib komandanın 90 dəqiqə aqressiv oynayacağı gözlənilən deyildi. Bir neçə qol imkanımız oldu və onlardan birini dəyərləndirə bildik”.
Makedoniyalı futbolçu komandanın sıx qrafikdə oynaması məsələsinə də toxunub:
"Biz sıx qrafikdə oynayacağımızı əvvəldən bilirdik. Ancaq baş məşqçimiz bizi oyunlara yaxşı şəkildə hazırlayır. O, bəzi futbolçulara şans, bəzilərinə isə istirahət verir. Qarşıda çox önəmli oyunumuz var. AZAL-la oyunu unudub, PAOK-la matça hazırlaşmalıyıq”.
saytlarin hazirlanmasi