"Qarabağ"dan ayrılmamışam, məni yenidən iş başında görəcəksiniz"

13:33 - 3 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Saloniki şəhərində keçiriləcək PAOK – “Qarabağ” oyununu Ağdam klubundan müvəqqəti ayrılan mütəxəssis Çudomir Çakarov da canlı izləyəcək.

 

Sportal.az xəbər verir ki, səhhətindəki problemlərə görə Ağdam klubundan ayrılan fiziki hazırlıq üzrə məşqçi Çakarov hazırda vəziyyətinin müsbətə doğru getdiyini bildirib:


“Mən doğma komandamdan ayrılmamışam. “Qarabağ” mənim canımdır və bu klubda olmağımla fəxr edirəm. Məlum səbəbdən hazırda istirahətə ehtiyacım var. Allaha şükür ki, səhhətim getdikcə yaxşılaşır və bir müddət sonra məni yenidən iş başında görəcəksiniz”.


Səhhətindəki problemlə bağlı Çakarov ötən il də bir müddət “Qarabağ”dan ayrı düşmüşdü. Yeddi ildir Azərbaycan klubunda çalışan mütəxəssis, “Qarabağ”ın PAOK-u yenidən məğlub etmək gücündə olduğunu deyib:

 

“Bu gün gərgin və maraqlı qarşılaşma izləyəcəyik. Əlbəttə ki, doğma komandama bağlılıq və hər bir uğur məni sevindirir. Buna görə də “Qarabağ”ın PAOK-la oyununu canlı izləmək üçün Yunanıstana gəlmişəm. Nə qədər çətin olsa da, inanıram ki, komandam Bakıda olduğu kimi Salonikidə də uğurlu nəticə qazana bilər”. (Supersport.az)

Xəbər xətti