“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turunda səfərdə “Zirə”ni məğlub etdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az komanda.az saytına istinadən xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:
- Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə idi. Düşünürəm ki, çempionatda mühüm üç xal qazandıq.
- Bu gün süni örtükdə oynadınız. Bu, zədə ehtimalını artırırdı. PAOK-la oyundakı kimi bu matçda da əvəzetmə qarşılaşmanın taleyini həll etdi…
- Meydança süni örtük olsa da, vəziyyəti elə də pis deyil. Bu cür oyunlarında stress həddən artıq çox olur. Təbii ot örtüyü olsaydı, daha yaxşı oyun göstərərdik. O ki qaldı dəyişikliklərə, bəzən özünü doğruldur, bəzən doğrultmur. Əvəzetmənin nə qədər uğurlu olması meydana çıxan futbolçunun məsuliyyətini göstərir. İlk hissədə top saxlamada problem var idi. Ancaq ikinci hissədə əvəzetmələrdən sonra bu problem aradan qalxdı.
- Rəşad Sadıqovun adını bu gün “18”liyə daxil etməməyiniz zədə, yoxsa yorğunluqla bağlı idi?
- Rəşad zədədən yeni qayıdıb. Bu gün süni örtükdə oynadığımızdan, onu meydana buraxaraq, riskə getmək istəmədim.
- Bu gün lider “Qəbələ” xal itirdi. Bu, komandanızın motivasiyasına nə dərəcədə təsir etdi?
- Biz oyun günü digər qarşılaşmalardan xəbərdar olmuruq. Rəqibin nəticəsini düşünsək, öz oyunumzudan uzaqlaşmış olarıq. Buna görə, ancaq öz oyunumuza köklənirik.
- Artıq “Zirə”ni 6-cı dəfə üstələdiz. Demək olar ki, bu komanda sizin üçün ən asan rəqibdir?
- Asan rəqib demək olmaz. Bu komandaya cəmi 2 oyunda asan qalib gəlmişik. Sadəcə, biz yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bu cür oyunlarda maksimum xal qazanmalıyıq. Amma bu gün “Zirə” yaxşı təsir bağışladı. Bu cür davam etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər.
- Demək olar ki, bundan sonra əsas mübarizə “Qəbələ” və “Qarabağ” arasında gedəcək?
- Məncə, bu barədə düşünmək hələ ki, tezdir. Bir də deyirəm, biz heç bir komandanın xalını saymamalıyıq. Əsas öz oyunumuza köklənməliyik.
- “Qəbələ” Avroliqada ardıcıl məğlubiyyətlər aldı. Bu komandaya Avropada uğurlu çıxış etmək üçün nəsə məsləhətiniz var?
- Xeyr, yoxdur. Roman Qriqorçuk məndən təcrübəli məşqçidir. Yeri gəlsə, mən özüm ondan məsləhət ala bilərəm. Məncə, bu cür suallar olmasa yaxşıdır.
saytlarin hazirlanmasi