Rəşad Sadıqov "14" nömrənin sirrini açıqladı

16:46 - 14 Noyabr 2016

Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov "14" nömrəli formanı seçməsinə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Report"a açıqlamasında peşəkar karyerasına başladığı Tovuzun "Turan" klubunda 7 nömrəli formanı "Neftçi"də oynayarkən komandaya Mahmud Qurbanovun transfer olunmasından sonra "14"ə dəyişdiyini bildirib. 

 

"Mən "Turan"dan "Neftçi"yə gəldikdən sonra 7 nömrəli forma ilə mübarizə aparırdım. Sadəcə, Mahmud Qurbanov "Neftçi"yə transfer olunduqdan sonra onun daim bu forma ilə çıxış etdiyini və yaxın dost münasibətlərimizi nəzərə alaraq, "7"ni Qurbanova verib "14"ü özümə götürdüm. Elə fikirləşdim ki, 7 ilə 14 bir-birinə yaxındır. Yəni, 7-ni 2-yə vuranda 14 edir. Bundan sonra 14 nömrəli forma mənə daha çox doğmalaşdı" - R.Sadıqov bildirib.

 

Kapitan 2008/2009 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda çıxış edərkən, "1" nömrəli forma ilə oynamasının da səbəbini açıqlayıb: "Bu komandada "14" nömrəli forma qapıçı Kılıç Arslan Kopuzda idi. Mən də onunla zarafatlaşdım. Dedim ki, mən də "1" nömrəni götürəcəm. Nəticədə o klubda "1" nömrəli forma ilə çıxış etdim. Əslində Kopuz məndən əvvəl düz etməmişdi, mən də onun səhvini davam etdirdim".

 

Qeyd edək ki, Rəşad Sadıqov adları çəkilən komandalardan əlavə, İranın "Fulad", Türkiyənin "Kayserispor" və "Eskişehirspor" klublarında da çıxış edib.

Xəbər xətti