"Qarabağ"a 6400 manatlıq cərimə: Almeydanın cəzası açıqlandı

14:49 - 30 Noyabr 2016

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 13-cü turunun AZAL - “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Premyer Liqanın 13-cü turunun “Zirə” - “İnter” matçında “İnter” klubunun 4, “Zirə” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

 

Oyunun 66-cı dəqiqəsində “İnter”in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Premyer Liqanın 13-cü turunun “Kəpəz” - “Neftçi” matçında meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunub.

 

Premyer Liqanın 13-cü turunun “Qarabağ” - “Qəbələ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 

• “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
• Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
• Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
• Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
• “Qarabağ” klubunun 2-ci qolundan sonra Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
• Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
• Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.

 

Əvəzedici heyətlərin 13-cü turunun AZAL - “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 

Oyunun 61-ci dəqiqəsində AZAL-ən futbolçusu Elşad Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Xəbər xətti