"Son oyundu. Hər şey bu matçda həll olunacaq. Kimin qrupdan çıxacağı, kimin qrupda qalacağına aydınlıq gələcək".
Sportal.az xəbər verir ki, bu fikirləri "CBC Sport"a açıqlamasında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov səsləndirib.
Avropa Liqası qrup mərhələsinin son turunda "Fiorentina"yla oyundan öncə fikirlərini bildirən təcrübəli müdafiəçi yaxşı nəticə üçün çalışacaqlarını deyib:
"Bir tur əvvəl qrupdan çıxmaq üçün böyük şansımız var idi. Amma bizim məğlubiyyətimiz və PAOK-un qələbə qazanması hər şeyi dəyişdi. Bizim üçün gərgin və ağır oyun keçəcək. Çünki “Fiorentina” da məğlub olmamalıdı. Başa düşürük ki, nəticə qazanmalıyıq. Hər şeyin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".
Sadıqov İtaliya klubunun ciddi rəqib olduğunu və fərqli sistemlərlə oynadığını bildirib.O, "Fiorentina"ya qarşı diqqətli və ağıllı oynamağın vacibliyini qeyd edib:
"İlk növbədə bu komandaya qarşı ağıllı və əzmkar futbol oynamaq lazımdı. Fərqli sistemlə oynayırlar. Arxada 3 müdafiəçi olur, hücumda çoxalırlar. Bu bizim üçün problem yaradırdı. Məşqçilərimiz bizi buna qarşı hazırlayırlar, kökləyirlər. İliçiç, Babakar kimi təhlükəli hücumçulara qarşı çox diqqətli olmalıyıq. Yaxın oynayıb onları zərərsizləşdirməyə çalışmalı və öz oyunumuzu oynamağa çalışmalıyıq".
saytlarin hazirlanmasi