Əmrah Çəlikəl: "Bu gün transfer haqda düşünmürük" MÜSAHİBƏ

00:23 - 9 Dekabr 2016

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Fiorentina”ya məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Çəlikəl öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. Qələbəni hamımız çox istəyərdik. Hava şəraitinə baxmayaraq, oyunu çox böyük dəstəklə keçirdik. Möhtəşəm ab-hava vardı. Bizim vurduğumuz qoldan sonra hər nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı. 

 

- Düşünmürsünüz ki, buna səbəb heyətin yetərsizliyidi?
- İki oyunçumuz cəzalı idi. Lakin bu gün futbolçu baxımından problem olmadı. İstədiyimiz transferləri həyata keçirmişik.

 

- “Fiorentina”ya qarşı Mahir Mədətovun meydana buraxılması nə dərəcədə doğrudu?
- Məncə, bu, Mahir üçün də, Azərbaycan üçün də böyük bir şansdı ki, belə bir təcrübə qazanır.

 

- Ölkə çempionatında legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçular transfer etmək barədə düşünərdiniz?
- Bu gün transfer haqda düşünmürük. Hamımız çox məyus və üzgünük.

 

- İkinci dəfədi ki, komanda son anda büdrəyir. Sizcə, həlledici amil nədi?
- Təcrübə çatışmazlığı da var, şanssızlıq da oldu. “Slovan”a 0:3 hesabı ilə uduzmaq bizim işimizi çətinə saldı.

 

- Sona iki tur qalmışadək hər şey bizim lehimizə idi. Bəlkə arxayınlıq oldu?
- Arxayınlıq deməzdim. Çünki komandadakı ab-hava buna imkan vermir. Baş məşqçimiz oyunçuları çox yaxşı hazırlayır. Sadəcə, təcrübə çatmadı.

 

- “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi PAOK növbəti mərhələyə adladı. Bu ədalətsizlikdi?
- Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da gedib “Fiorentina”nı uddu. Həmin oyunda nəticə fərqli olsaydı və burada bərabərlik qeydə alınsaydı, biz çıxacaqdıq.

Xəbər xətti