“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun Azərbaycan mətbuatının səsverməsi ilə 2016-cı ilin ən yaxşı məşqçisi seçildiyini xəbər vermişdik.
Sportal.az xəbər verir ki, bu gün Qurbanovun mükafatının təqdim olunma mərasimi keçirilib. Tədbir “Fairmont” otelinin (3 Alov qülləsi) Səttar Bəhlulzadə adlı zalında təşkil olunub.
44 yaşlı mütəxəssisə mükafatı Komanda.az-ın baş redaktoru Rəşad Ergün təqdim edib. Qurbanov mükafatı aldıqdan sonra bunları deyib:
“Mənim üzərimə böyük yük düşür. Bundan sonra daha yaxşı nəticələr qazanmalıyam, komandam daha yaxşı futbol oynamalıdı. Digər namizədlər, Roman Qriqorçuk, Robert Prosineçki də seçilsəydi, onları təbrik edərdim. Bu il millimiz tarixində ilk dəfə 4 oyunda 7 xal topladı. Fikrimcə, onlar da bu ada layiq idilər”.
Qurban Qurbanov mükafatı aldıqdan sonra əvvəlki illərdə olduğu kimi bəzi jurnalistlərə mükafat verib. 44 yaşlı mütəxəssis tədbirə gəlməmişdən əvvəl anası ilə danışdığını və anasının ona bir il öncə evlərindən reportaj hazırlamış jurnalistə də hədiyyə almasını dediyini bildirib:
“Tədbirə gəlməmişdən öncə anam hara getdiyimi soruşdu. Bura gəldiyimi dedikdə isə bir il öncə evimizdən reportaj hazırlamış jurnalistə də hədiyyə almağımı istədi. Mən də onun sözünü yerinə yetirdim”.
Qurbanovun bəhs etdiyi jurnalist - “Futbol +” qəzetinin əməkdaşı Rəşad Qasımov tədbirdə olmadığından, onun mükafatı təmsil etdyi qəzetin digər əməkdaşına təqdim edilib.
Xatırladaq ki, səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib. 47 səs toplayan Qurbanov 7-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilib.
saytlarin hazirlanmasi