Qurban Qurbanov: "Beşiktaş"la oyunun bizim üçün faydası çox olacaq" MÜSAHİBƏ

19:49 - 17 Dekabr 2016

Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “İnter”lə heç-heçə edən (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:

 

- Maraqlı oyun alındı. Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi.

 

- Bu il komandanın çıxışından razı qaldız?
- Düzünü desəm, razı qaldım. Ölkə çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ancaq ümumi götürəndə razıyam.

 

- Qış transfer pəncərəsində yeni transfer olacaq?
- Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq bilmirəm. Yerli futbolçu transferi çətindi. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq.

 

- Namiq Ələsgərov son vaxtlar formada deyil. Yenə icarəyə verilə bilər?
- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istəyərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım. Komanda qışda Antalyaya yollanacaq. Ondan sonra hər şeyə aydınlıq gələcək.

 

- Türkiyədə simpatiya bəslədiyiniz komandanın “Beşiktaş” olduğunu demişdiz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var.
- Bəli, Türkiyədə “Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.

 

- Şaranovun komandadan göndərilmək ehtimalı var? Nəzərə alaq ki, son vaxtlar əsas heyətə düşə bilmir...
- Belə bir şey yoxdu. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən kənarda qalır. Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdı.

 

- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısız?
- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündü. Ona səbr diləyirəm. Onda günah axtarmaq, tənqid etmək düzgün olmaz. (Komanda.az)

Xəbər xətti