“Reynaldo çox keyfiyyətli futbolçu və yaxşı insandır. “Qarabağ”a çox xeyri dəyib. Premyer Liqanın bombardiri olub, avrokuboklarda komandamızın vacib qollarını vurub”.
Sportal.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.
“Qarabağ”ın hücumçusu Reynaldo Silva Türkiyənin “Adanaspor” klubuna transfer olunmağa yaxındır. Futbolçu bu məqsədlə Türkiyəyə yola düşüb. Nadirov braziliyalı hücumçunun gedişinə belə şərh verib:
“Son vaxtlar zədələr ona oynamağa imkan vermirdi. Sonradan bu problem də aradan qalxmışdı. Sadəcə, formasını yığmağa çalışırdı. Hər halda yeri görünəcək. Onun gedişindən sonra hücumda boşluqların olub-olmayacağı bizdən asıldır. Hücum xəttimiz yaxşı vəziyyətdədir. Antalya toplanışı zamanı formamızı yığa bildik. Yoxlama oyunlarında qollar vurduq”.
Millimizin üzvü Reynaldonun Türkiyə klubunda da özünü göstərə biləcəyini qeyd edib: “Düzdür, Reynaldo “Qarabağ”ın oyun üslubuna tam uyğunlaşmışdı. Ancaq yəqin ki, “Adanaspor”da da özünü yaxşı tərəfdən göstərə biləcək”.
Təcrübəli futbolçu onu da bildirib ki, Reynaldonun gedişindən sonra bir hücumçu kimi üzərinə daha çox məsuliyyət düşdüyünü dərk edir: “Əlimdən gələni edirəm ki, meydana daha çox çıxım. Komandaya daha çox xeyir verməliyəm. Qurban müəllimin etimadını gözləyirəm. Nə vaxt mənə güvənsə, tapşırığı yerinə yetirəcəm. Təlim-məşq toplanışında güc yığmışam. Çalışdığım qədər özümü göstərdim”.
Nadirov sonda “Neftçi” ilə qarşıdan gələn çempionat oyunundan da danışıb: “Neftçi” heyətinə bir neçə yeni oyunçu cəlb edib. Həmin futbolçular ilk oyundaca özlərini göstərməyə çalışacaq. Bu baxımdan çətin oyun olacağını demək olar”.
saytlarin hazirlanmasi