"Həmin legionerin dedikləri futbolçuya yaraşmayan söhbətdir. Onun klubla problemi olub və ya hər hansa fikir mübadiləsi aparıbsa, nə mən, siz, nə də digərləri orda olub".
Sportal.az xəbər verir ki, bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Moldovalı sabiq futbolçu İon Testimitsianu vətənində verdiyi müsahibədə keçmiş komandası Bakı "İnter"inin 2008/09 mövsümündə çempionluğu və ölkə kubokunu satdığını açıqlayıb.
Məlum olduğu kimi, həmin mövsüm ölkə kubokuna finalda "İnter"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" yiyələnib. Bu, hazırkı baş məşqçi Qurban Qurbanovun komandada debüt mövsümü olub və bunu ilk titulunu qazanmaqla qeyd edib.
45 yaşlı mütəxəssis belə söhbətlərin işinə, ümumiyyətlə, komandasına mənfi təsir göstərmədiyini söyləyib:
"Çalışırıq ki, hər şey alın-tərimizlə olsun. Allah qarşısında düzgün olaq. Allah şahiddir ki, kiçik söhbət yaransa, bunun ehtimalı olsa belə, dərhal bundan uzaq oluruq. Ona görə də həmin moldovalı futbolçunun dediklərini müzakirə etməyə belə mənim marağım yoxdur. Başımızı salıb işimizi görməyə, belə söz-söhbətlərdən uzaq olmağa çalışırıq".
Təcrübəli çalışdırıcının sözlərinə görə, bu cür söhbətlər hər il bir neçə dəfə ortaya atılır:
"Görürsən ki, belə açıqlamalar kimlər tərəfindənsə ortaya atırlar. Buna görə onun dediklərini məncə, boş vermək lazımdır. Mənim üçün bir o qədər maraqlı deyil. Sizlər, mətbuat da boş verin".
saytlarin hazirlanmasi