Ağabala Ramazanov: “Bir dəfə meydana çıxdı, onda da ayağımı qırdı”

14:50 - 24 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunun mərkəzi görüşü Suraxanıda oynanılacaq.

 

Sportal.az xəbər verir ki, ikinci pillənin sahibi “Qarabağ” evdə “İnter”i qəbul edəcək. “Qəbələ” ilə çempionluq uğrunda amansız mübarizə aparan ağdamlılar cari mövsümdə qalib gələ bilmədiyi yeganə komanda ilə görüşdə bu tilsimə son qoymaq niyyətindədi. Görüşdə əsas diqqət meydan sahiblərinin futbolçusuna yönələ bilər. O futbolçu ki, qış fasiləsində “İnter”dən “Qarabağ”a keçib. Bu, Ağabala Ramazanovdu. Amma onun meydana çıxması sual altındadı. “Kəpəz”lə matçda zədələnən hücumçu hələ ki, komanda ilə məşqlərdə iştirak edə bilmir:

 

“Hələ ki, zədəliyəm. Komanda ilə birlikdə məşq edə bilmirəm. Dünəndən qaçmağa başlamışam. Komandaya nə vaxt qoşulacağım bilinmir. Həkimlər deyib ki, 2-3 gün bir yerdə çalışaq. Zədəm konkret  baldırımın aşağı hissəsindədi. Qan yığılmışdı, bir az da yırtıq var idi. Düzdü, indi hamısı sağalıb, amma risk edib, komanda ilə birlikdə məşqə çıxa bilmirəm. Rəqib qapıçı da Davud Kərimi idi. O da 50 il qapıda durmur, bir dəfə meydana çıxdı, onda da vurdu ayağımı qırdı" (gülür).

 

“Bizim üçün çətin oyun olacaq. Ötən qarşılaşmada da məğlub olmuşuq, “Qəbələ” ilə bir-birimizi izləyirik. Düzdü, biz “İnter” kimi çətin rəqibə qarşı oynayacağıq, amma “Qəbələ”nin də işi asan deyil, çünki səfərdə “Kəpəz”lə qarşılaşacaq. “İnter”lə matça bütün oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Meydana qələbə üçün çıxacağıq”.

 

Maraqlıdı, bu matç Ağabala üçün hansısa önəm kəsb edirmi? Ümumiyyətlə, cari mövsümdə “Qarabağ”a qarşı uğurlu oyunlar keçirən “İnter”in ağdamlılara qarşı xüsusi bir hazırlığı varmı? O, “İnter”in “Qarabağ”la matçlara necə hazırlaşmasından da danışdı:

 

“Əvvəl “İnter”in uğurları üçün çalışmışam, indi “Qarabağ”dayam. Amma indi hazırkı komandamızın qələbəsini istəyərdim. Qurban müəllimə nəyisə deməyə ehtiyac görmürəm. Belə də ki, “İnter”in zəif nöqtəsi yoxdu (gülür). “İnter”də olanda biz “Qarabağ”a qarşı xüsusi motivasiya ilə hazırlaşırdıq. Bu hazırlıq AZAL və “Sumqayıt”a qarşı olandan fərqli idi". (Futbolinfo.az)

Xəbər xətti