Qurban Qurbanov: "Riçard Almeydaya azərbaycanlı kimi baxırıq" MÜSAHİBƏ

20:29 - 28 Fevral 2017

Azərbaycan Premyer Liqasında 20-ci turun son matçında "Qarabağ" doğma meydanda "İnter"i qəbul edib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma qonaqların 1 - 0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

- “İnter”i qələbə münasibətilə təbrik edirəm. Futbolçular çox əziyyət çəkdilər. İtkilərimiz çox idi. Buna baxmayaraq, futbolçuların üzərinə getməyimiz yaxşı olmaz. Çatışmazlıqlarımız var. Hələ çempionat davam edir. Hər oyuna qələbə üçün çıxacağıq.

 

- Son vaxtlar sanki “Qarabağ”da nəsə çatmır. Həmin boşluq Daninin yoxluğu ola bilər?
- Təkcə Dani yox. Son vaxtlar stabil heyətlə meydana çıxa bilmirik. Son oyunda Maksim zədə aldı. Bu gün oynaya bilmədi. Ağabala da zədələnmişdi. Dino 2 gün əvvəl məşqdə qapıçı ilə toqquşub huşunu itirdi. 2 gün xəstəxanada qaldı. Əfranın ailəsində ciddi problem var. İndi İstanbuldadı. Buna görə də heyəti tam formalaşdıra bilmirik. Hücum xəttində bu futbolçular olmayanda, düşündüyümüz oyun alınmır. Buna görə də oyunçuların üzərinə çox getmirəm. 

 

- Azarkeşlərlə matçdan sonra Rəşad Sadıqov arasında dialoq oldu. Orada nə baş vermişdi?
- Epizodu görmədim. Amma azarkeşlər mənə də etiraz edirdilər. Transfer istəyirlər. Azarkeşlərin haqqına girə bilmərik. Biz bir ailəyik. Məğlub olmağı da bacarmalıyıq. Bundan düzgün nəticə çıxarmalıyıq. “Qarbağ” adının məsulliyyətini dərk edirik və işimizə ciddi yanaşırıq. Dünya futboluna baxsaq, ən böyük klublar da transferlərdə yanlışlıqlar olur. Məşhur məşqçilər də böyük hesabla məğlub olur.

 

- Bugünkü nəticə gözlənilməz idi?
- Xeyr, hər oyun gözləyirik məğlubiyyəti. Biz bu mövsüm “İnter”i məğlub edə bilməmişik. Oyunu əks hücumlar üzərində qurmuşdular. Premyer Liqadakı 7 komandanın hər biri ilə oyunda xal itirə bilərik.

 

- Gəncədəki oyunun nəticəsinin təsiri oldu?
- Xeyr. Bunun təsiri olmadı.

 

- "Qarabağ"dan ayrılaraq "Herakles"ə gedən Samuel Armenteros Hollandiyada yaxşı oyun göstərir. Sizcə, problem “Qarabağ”dadı yoxsa, ölkəmizin futbolunda?
- Bilmirəm problem kimdədi. Burda olanda hamı bu futbolçuları tənqid edirdi. Bizim çempionat çox çətindi. Bizdə futbol mentaliteti fərqlidi. Bizdə futbolçulardan, komandadan daha çox nəticə tələb olunur, nəinki Hollandiyada. Orada futbolçular daha sərbəstdilər.

 

- Şəhidlər Xiyabanına getməyiniz alqışalayiq hərəkətidi. Futbolçmuların ora gəlməməyinin səbəbi nə idi?
- Biz hər klub rəhbərliyi ilə birlikdə futbolçulara bu hadisələrlə bağlı həm azərbaycanca, həm də ingiliscə məlumatlar veririk. Düşünməzdim ki, futbolçuların orada olmaması etiraza səbəb olsun. Biz heç vaxt istəmirik ki, insanlara xoş gəlmək üçün üzdə olaq. Mən demək istəmirəm ki, nə qədər insanlara yardım olunub. Bunları ictimailəşdirmək istəmirik. Əgər bunları ictimailəşdirmiriksə, o demək deyil ki, heç nə etmirik.

 

- Riçard Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi. Buna münasibətiniz necədi?
- Bəli, razılıq əldə olunub. Ona uğurlar arzu edirəm. Düşünürəm ki, millimiz üçün faydalı olacaq. Artıq biz ona azərbaycanlı kimi baxırıq. Bizim mentalitetə uyğunlaşıb. Biz də şadıq ki, bizim futbolçumuz millimizdə oynayacaq. Məncə, bu, pis addım deyil.

Xəbər xətti