Samuel Armenteros: "Qarabağ" çox açıq və dürüst klub idi"

11:20 - 14 Aprel 2017

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros “Fotballskanalen”ə verdiyi müsahibədə bir çox məsələlərə toxunub.

 

Sportal.az xəbər verir ki, hücumçu müsahibəsində “Qarabağ”dan da söz açıb.

 

O, Ağdam klubuna keçidini belə xatırlayır: “Hollandiyanın “Villem II” klubu ilə icarə müddətim başa çatdıqdan sonra məxsus olduğum “Anderlext”ə qayıtmışdım.  Əslində, “Villem II” uğurlu çıxışıma görə məni birdəfəlik transfer etmək istəyirdi. Amma “Anderlext onların ödəyə bilməyəcəyi qədər təzminat istədi, ona görə qayıdışım baş tutmadı. Bundan sonra bir neçə ay “Anderlext”də oynadım, daha sonra komandadan azad agent kimi ayrıldım. Bu zaman bir neçə təklif var idi ki, ən sərfəlisi “Qarabağ”dan idi. Bu təklifi götür-qoy elədim, sonra “Qarabağ”da oynayan “Anderlext”in sabiq futbolçusu Reynaldo ilə danışdım və “Qarabağ”a keçməyə razılıq verdim”.

 

Armenteros “Qarabağ”dakı qazancından da danışıb: “Qarabağ”da hər qələbəyə görə 5000 manat mükafat verirdilər. "Qarabağ"la imzaladığım müqaviləyə əsasən, mövsüm ərzində oyunların 75 faizində meydana çıxsaydım, anlaşma müddətini uzada bilərdim. Üstəlik, ikiqat artıq əmək haqqı ödənilməsi şərti ilə. Amma mən oyunların 72 faizində çıxış etdim. Martın əvvəlləri idi. Çempionatda böyük xal fərqi ilə lider idik. Avrokuboklarda isə mübarizəni dayandırmışdıq. Buna görə də şans qazanmırdım. Heç vaxt ödənişlə bağlı problemimiz yox idi. Çox açıq və dürüst klub idi. Hətta o dərəcədə dürüst idilər ki, bir gün mənə dedilər: "Samuel, gələn mövsüm üçün müqaviləni uzada bilmərik. Bu səbəbdən, indi oynaya bilmirsiniz". Ümid edirdim ki, müqaviləmin uzadılacağı gün kimi aydındır”.

Xəbər xətti