"Qarabağ"ın aparıcı futbolçularından olan Bədavi Hüseynov hər 4 çempionluqda heyətdə olub. Milli komandamızın da üzvü olan 27 yaşlı mərkəz müdafiəçisi liderlərdən sayılır.
Sportal.az xəbər verir ki, Bədavi müsahibəsində çempionluqlarını müqayisə edib, mövsümü "qızıl dubl" şansını dəyərləndirib.
- Bir müddət zədə üzündən kənarda qalmalı oldun və qaydışın son tura təsadüf etdi. Hazırda özünü necə hiss edirsən?
- Zədə problemim arxada qaldı. Sağalandan sonra "Sumqayıt"a qarşı oynadım. Düzdür, xeyli vaxtdan sonra oynamadığımdan bir az çətin idi. Ancaq ümumilikdə normal oldu. Oyun tempimə qayıtdım. Əsas odur. Qarşıda daha 2 oyun var. Biri çempionatın son turunda "Neftçi", digəri kubokun finalında "Qəbələ" ilə. Oyun formamı sonadək geri qaytarmalıyam.
- Son turda qızıl mealların və çempionluq kubokunun təqdimatı oldu. Məhz bu oyunda yaşıl meydana qayıtmağını təkid elədin?
- Yox. Sadəcə, baş məşqçi necə lazım olduğunu daha yaxşı bilir və heyəti müəyyənləşdirir. Oyuna hazır idim. Bütün həftəni məşq etmişdim. Artıq özümü yaxşı hiss edirdim. Buna görə də baş məşqçi mənə şans verdi.
- Üstəlik kapitanınız Rəşad Sadıqov yox idi. Ümumiyyətlə, bu mövsümdə hər ikiniz tez-tez zədəli olduğundan həmişə klubda və millidə müdafiənin mərkəzində duet təşkil etmədiniz. Rəşadsız oynamaq sənin üçün nə dərəcədə çətindi?
- Əlbəttə, Rəşad lider olduğundan onun meydanda olmamağı bizə çətinlik yaradı. Ancaq biz çalışırıq ki, Sadıqov zədə və ya başqa səbəbdən oynamayanda onun yoxluğunu sığortalayaq. Həm Maksim Medvedev, həm də Elvin Yunuszadə müdafiənin mərkəzində yaxşı təsir bağışlayır. Fikrimcə, onlarla birgə bu mövqedə çıxış etmək problem yaratmadı.
- "Qarabağ"la ardıcıl 4 çempionluğu qazanan futbolçulardansan. Bu uğurlu mövsümləri necə müqayisə edərdin? Hansı çempionluq daha çətin oldu?
- İlk qalibiyyət daha arzuolunandır. Çünki bu, birinci çempionluqdur. Son çempionluq isə daha çətin alındı. Ona görə ki, həm çox xal itkimiz oldu, həm də bir neçə futbolçumuzu itirdik. Lazım olan oyun formasını yığa bilmirdik. Ancaq qələbə istəyimiz həlledici oldu. Onu deyə bilərəm ki, Azərbaycanda çempionatda ildən-ildə çətinləşir. Çünki rəqiblər "Qarabağ"a qarşı daha motivasiyalı olurlar. Bu mövsüm isə "Qəbələ" bizə ciddi rəqib oldu, çempionluq mübarizəsinə çox yaxşı köklənmişdi. Bu komanda da çempion ola bilərdi, ancaq sonda yenə biz olduq.
- Bu komanda ilə finalda da oynayacaqsınız və çempionluğun əvəzini çıxmağa çalışacaq. Belə olan halda, mövsümü "qızıl dubl"la başa vurmağınız nə dərəcədə realdır?
- Başa düşürük ki, Naxşıvandakı finalda çox ağır olacaq. Bu titulu da qazanmaq istəyimiz böyükdür. Məqsədimizə çatmaq üçün köklənəcəyik. Hər şey bizim əlimizdədir. "Qızıl dubl" etmək üçün də mümkün olan hər şeyi edəcəyik.
- Necə düşünürsən, psixoloji cəhətdən "Qəbələ" daha üstün olacaq, yoxsa?
- Hesab edirəm ki, rəqib qələbə qazanmaq üçün irəli atılacaq. Çünki "Qəbələ"nin itirməyə heç nə yoxdur. Mövsümü titulla başa vurmaq istəyəcəklər. Elə biz də. Maraqlı qarşılaşma olacaq.
Mənbə: sport24.az
saytlarin hazirlanmasi