"Fərqli hisslər keçirirəm. İlk dəfədir ki, baş məşqçi kimi çempionluq sevinci yaşayıram".
Sportal.az xəbər verir ki, bunu "Report"un Şirvan bürosuna açıqlamasında baş məşqçi kimi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasını çempion edən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
35 yaşlı futbolçu-mütəxəssis çempionluğun çətin alındığını bildirib: "Maraqlı oyun keçdi. "Qarabağ" da, "Qəbələ" də qələbəyə layiq idi. Sonucda sevinən tərəf biz olduq. Çempionluq çox çətin alındı. İlk turlarda xal itkilərimiz çox oldu. Birinci turda "Zirə"yə məğlub olduq, üçüncü turda "Neftçi" ilə görüşdə xal itirdik. Çempionatın əvvəllərində 7-8-ci yerlərdə idik. Sonradan yavaş-yavaş nəticələrimizi yüksəltməyə başladıq. Uşaqlar da çox işləyir, həvəslə çalışırdılar. Şükürlər olsun ki, yekunda çempion olduq. Bu, həm özüm, həm də futbolçular üçün gələcək karyera baxımından önəmli addım idi".
R.Sadıqov bu mövsüm futbolçu kimi "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub və ölkə kubokunu qazanıb. U-19 Liqasındakı qalibiyyət isə onun üçüncü titulu olub. Təcrübəli oyunçu qazandığı titulları belə müqayisə edib: "Hərəsinin öz yeri, öz çətinlikləri var. Amma təbii ki, bu çempionluğun yeri mənim üçün başqadır".
2017-2018 mövsümündə "Qarabağ"ın əsas komandası Çempionlar Liqasında, U-19 komandası isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Bu halda R.Sadıqov hansı turnirə üstünlük verəcəyi barədə danışmağın tez olduğunu bildirib: "Hələ bu barədə indidən danışmaq tezdir. UEFA Gənclər Liqasına 4-5 ay var. Həm də bu yarışda fərqli heyət oynamalıdır. Daha dəqiqi, biz 1998-ci il təvəllüdlü futbolçularla çempionluq qazandığımız halda, Gənclər Liqasında 1999-cu il təvəllüdlülər mübarizə aparmalıdırlar. Bu, bizə əlavə problem yaradacaq. Hələ əlavə vaxtımız var. Oturub fikirləşəcək, götür-qoy edəcəyik. Yəni, bunlar sonranın söhbətləridir".
Qeyd edək ki, U-19 Liqasında XXXI turun oyununda "Qəbələ"ni 3:1 hesabı ilə yenən "Qarabağ" sona 2 tur qalmış ən yaxın izləyicisini 10 xal geridə qoyub və çempionluq əldə edib.
saytlarin hazirlanmasi