“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyi və Stokholm Biznes Universitetinin birlikdə təşkil etidiyi klub idarəçiliyi haqda proqramı uğurla başa vuraraq sertifikatla təltif edilib.
Sportal.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın Varşava şəhərində baş tutmuşdu. Proqram haqda ətraflı məlumatı isə baş menecerin özündən dinləyək:
“Son 10 ildə UEFA məşqçiliyin inkişaf etməsi üçün B, A və Pro kateqoriyalı məşqçilik kursları keçirməyə başladısa, ali futbol qurumu da klub idarəçiliyi ilə bağlı da işlər görməyə də start verib. Avropa Klublar Birliyi (ECA) də bu xəttə uyğun olaraq, ilk dəfə klub idarəçilərinin menecmentinə uyğun olaraq belə bir proqram hazırladılar. 2016-cı ilin yanvarından bu proqram başladı və 18 ay davam etdi. Bu proqram 7 (6+1) moduldan, hər modul isə iki hissədən ibarət idi. Bu modullar futbol idarəçiliyi ilə bağlı sahələri əhatə edirdi. Məsələn, bir modulda klub daxili və xarici mühitin idarə olunması, başqa bir modulda oyun günü idarəçiliyi, digərində hüquqi futbol, transfer çalışmaları və s.
Bu proqramın üstünlükləri ondan ibarət idi ki, burada nəyisə kitabdan oxuyub onu cavab vermək deyə bir sistem yox idi. Klub rəsmilərinin idarəçilik qabiliyyəti yoxlanılırdı. Burada “TOP-5” və yüksək əmsallı klublarının uyğun bölümlərinin rəhbərləri seminar keçirdi və buna da uyğun olaraq imtahan verirdik. Hər modul məşhur bir stadionda keçirilirdi. Seminarlar “Visente Kalderon” (“Atletiko” ), “Allianz Arena” (“Bavariya”), “Park Olimpik Lyon” (“Lyon”), “Draqao” (“Portu”) və “Legiya” (Legiya) stadionlarında baş tutdu. 40 klubun nümayəndəsi bu proqramda iştirak etdi. Yekun olaraq isə, 31 sertifikat təqdim olundu. İtaliyanın “İnter” və “Milan”, Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Tottenhem” və digər böyük klubların menecerləri də bu proqramda iştirak edirdi. Türkiyədən “Beşiktaş” və “Fənərbaxça”nın idarəçiləri bu proqrama qoşulsa da, sonda yalnız “Fənərbaxça” rəsmisi sertifikatla təltif edildi.
Bildirdiyim kimi, proqram 6+1 moduldan ibarət idi, həmin +1 modul Avropa Klublar Birliyinin Stokholm Biznes Universiteti ilə birlikdə keçirdiyi layihəydi. Layihəyə uyğun olaraq Stokholm Universitetinde İki gün ərzində universitetin professorları tərəfindən idarəçilik haqda mühazirələr dinlədik. Daha sonra isə universitetin professorları tərəfindən imtahanlardan keçdik və nəticəsi olaraq da may ayının son günü “Legiya” stadionunda sertifikatlarla təltif edildik. Bu layihə uğurlu başa çatdığına görə, noyabr ayından klub idarəçiləri üçün “CMP-2” proqramı başlayacaq və o da 18 ay davam edəcək. Arzum futbolumuzun inkşafı üçün digər Klub idarəçilərimizin də burada iştirakı, təcrübəsinin artırılmasıdır.
Dünən diplomların təltifetmə mərasimi Polşada baş tutdu və İsveçin Polşadakı səfiri, “Legiya” klubunun sahibi və Avropa Klublar birliyinin sədri, eyni zamanda “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl Haynz Ruminegge də mərasimdə iştirak etdi. Onlar da bildirdi ki, klub idarəçiliyi baxımından gələcəkdə Avropa klublarının idarəçilərinin belə bir diplomların alması vacib hala çevriləcəkdir.
saytlarin hazirlanmasi