“Qarabağ” Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə oyuna əsas hazırlıq keçdiyi Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq Vətənə dönüb. Bu gündən son hazırlıq Bakıda olacaq.
Sportal.az xəbər verir ki, komandanım baş məşqçisi Qurban Qurbanov Sport24.az-a müsahibəsində hazırlığı, rəqibi dəyərləndirdi, yeni transferlərdən danışdı.
- "Qarabağ"ın yay fasiləsində hücuma transferlər edəcəyi daha çox gözlənilirdi. Çünki mərkəz hücumçumuz demək olar yalnız Dino Ndlovudu. Ancaq hələ ki transfer reallaşmayıb...
- Transfer siyahımızda hücumçular var. Mən əvvəl də qeyd etmişdim ki, ən azı iki yeni hücumameylli oyunçunun heyətdə olmasını istəyirəm. Bəli, bizdə Dino Ndlovudu, bir də Mahir Mədətov. Mahirdən çox hücumda istifadə edə bilərik. Ancaq ön xəttə minimum iki oyunçu lazımdı. Hücum xəttimizlə bağlı axtarışdayıq.
- Hücumçulardan birinin qaradərili olduğu söylənilir...
- Görünür, Tokelo Rantieni nəzərdə tuturlar. "Gənclərbirliyi"nin cənubi afrikalı hücumçusu ilə söhbət olmuşdu. Klubuna məxsusdu. Onun məsələsi hələ açıq qalıb.
- "Legiya"nın polşalı kapitanı Jakub Jezniçak ölkəsində tanınan, titullu futbolçudu. Onun transferi necə baş tutdu? Yakub hansı keyfiyyətləri ilə diqqətiniz çəkdi?
- Bəli, çox təcrübəli futbolçudu. Ümumiyyətlə, xüsusilə avrokuboklarda belə oyunçulara ehtiyacımız var. Belə matçlarda bəzən təcrübə çox önəmli, vacib olur. Digər tərəfdən, polşalının oynadığı mərkəz müdafiəçisi mövqeyinə çoxlu sayda namizəd var idi. Onların hamısının oyununa baxmışdım. Sonda Jezniçakın üzərində qaldıq. Həm "Legiya"nın kapitanı olub, həm neçə illər bu komandada Avroliqada, Çempionlar Liqasında qrup mərhələsində iştirak edib. Belə təcrübəli futbolçuya ehtiyac duyduq və onun keçidini həll etdik.
- Varşava klubu ilə müqaviləsinin olması, təzminat məsələsi problem yaratmadı ki?
- Bəli, "Legiya" ilə müqavləsi vardı. Ancaq transfer məbləği böyük deyildi. narahat olmayın (gülür).
- Bildiyimə görə, Yakub təkcə mərkəz müdafiəçisi yox, başqa mövqelərdə oynaya bilir...
- Elədi. Onun daha çox mövqeyi müdafiənin mərkəzidi. Bəzi matçlarda sağ cinah müdafiəçisi oynayıb. Hətta dayaq yarımümdafiəçisi kimi çıxış edib. Ancaq mövqeyi sırf mərkəz müdafiəçisidi.
- Neçə ildi axtardığınız mərkəz müdafiəçisi axır ki "Qarabağ"a gəldimi?
- Görək. Məncə, bizə uyğun olacaq. Tam fikrimizi bir neçə oyun keçirəndən sonra biləcəyik.
- Yakub nə qədər səviyyəli futbolçu olsa da, onun mövqeyində Rəşad Sadıqovla Bədavi Hüseynovun oynadığını, üstəlik, gözəl duet təşkil etdiklərini nəzərə almalıyıq. Bu. təkcə "Qarabağ"da deyil, millimizdə də belədi. Üstəlik, çempionatımızda legioner limiti var. Belə olan halda, "Legiya"nın 30 yaşlı kapitanının "Qarabağ"ın əsas heyətinə düşmək perspektivini necə dəyərləndirərdiniz?
- Elədir, dediyiniz məsələlər, rəqabət var. Təkcə polşalının özü üçün yox, Rəşadla Bədavi üçün də rəqabət olacaq. Ancaq ilboyu baxsaq, mərkəz müdafiəçilərimizin sayı demək olar eyni olub. Çünki hər zaman sağlam futbolçuya ehtiyacımız olub. Hansı ki 4-5 sağlam futbolçunun eyni anda formada, hazır olması bizim üçün çox vacib olub. İnşallah, bu transferin digərlərinin xeyrinə olacağını düşünürəm.
- Yakub, habelə hücum xəttinə gözlənilən transferlər komanda ilə birgə hazırlıq keçmədi. Bu, komandaya uyğunlaşmaq baxmından problem yaradacaq?
- Onlara hazır futbolçular kimi böyük inamımız var. Ancaq tam uyğunlaşmaq üçün vaxt lazım olacaq. Düşünürəm ki, tez bir zamanda bunu aradan qaldıracaqlar.
- Yeni transferlərin UEFA-ya sifarişini "Samtredia" ilə oyunadək çatdıra biləcəksiniz?
- Polşalının keçidinin rəsmiləşməsi qalıb. Türkiyə Super Liqasından transfer edəcəyimiz futbolçunun məsələsi də bugünlərdə həll olunacaq. UEFA-ya ilkin iştirak ərizəmizi göndərmək üçün iyulun 6-dək vaxtımız var. İlkin siyahı göndəriləndən sonra "Samtredia" ilə matçdadək daha bir futbolçunu sifariş etməyə ixtiyarımız olacaq.
- Yenə daha bir əcnəbi qapıçıya ehtiyac duydunuz və Donetsk "Şaxtyor"undan Anton Kanibolotskinin transferini reallaşdırdınız. Belə demək olar ki, uzun müddətdir əsas qapıçınız olan bosniyalı İbrahim Şehiçi bu dəfə ciddi rəqabət gözləyir? Ümumiyyətlə, əcnəbi qapıçının transferi hansı zərurətdən irəli gəldi?
- Bildiyiniz kimi, keçən mövsüm də əcnəbi qapıçı götürmüşdük. Bu, "Partizan"dan alınan Boyan Şaranov idi.
- Ancaq serbiyalı qapıçının transferi istədiyiniz effekti vermədi..
- Daim istəyirəm ki, komandamızda 3 eyni səviyyəli qapıçı olsun. Əsas qapıçımız neçə ildir Şehiçdi. Bir yerli qapıçımızın da daim olmasını istəyirəm. Bu, Şahruddin Maqomedaliyevdi. Onu bilirsiniz, tanyırsınız. Yeni bir əcnəbi qapıçının olmasını istəyirdim. O, təcrübəli olsun. Həm Avroliqa təcrübəsi olsun, həm də oynadığı çempionat, komandası güclü olsun. Düşünürəm ki, hər üçü bir-birinə uyğun qapıçıdı. Bu, həm oyun, həm xarakter baxımındandı. İnşallah, onlar üçün də maraqlı olacaq. Uzun müddətdi xeyli variantlarımız var idi. Sonda Antona üstünlük verdik və onun transferi üzərində durduq.
- Keçək başa çatan Avstriya hazırlığına. "Qarabağ" ordadakı təlim-məşq toplanışındakı yoxlama oyunlarının hamısında uduzdu. Aydın məsələdi ki, belə matçlarda nəticə vacib deyil. Ancaq komandanın çoxlu qol buraxması narahatçılıq doğurur. Siz bu haqda hansı fikirdəsiniz? Ümumiyyətlə, "Qarabağ" ÇL-dəki sınağa 1 həftədən az qalmış bir vaxtda hansı durumdadı?
- Əlbəttə, bizim üçün hər oyun vacibdi. Baxmayaraq bu, hazırlıq matçıdı. Özünüz də bilirsiniz ki, komanda son 10 gündə bir yerdə hazırlaşmağa başladı. Buna kimi 3 qrupda hazırlıq vardı: biri zədəlilər, biri ilk gündə hazırlığa yığılanlar, biri də millidən gələn futbolçular. Əsas futbolçularımız millidən dönmüşdülər və onlara istirahət vermişdik. İyunun 20-dən bizimlə hazırlığa başlamışdılar. Onları tam oyuna hazırlamağa vaxtımız az idi. Bəli, çox qol buraxdı,. ancaq ümumən normal durumdayıq. Son oyunda mənim üçün maralqı olan daha çox futbolçuların fiziki hazırlığı idi. Hal-hazırda onların qüvvəsi normaldı, hətta çoxdu. Bu keyfiyyətlərinini görməyə daha çox ehtiyac var idi. Bu baxımdan məni bir tərəfdən sevindirdilər. Məğlub olurdular, ancaq sonadək meydanda hərəkətli idlər. Çalışırdılar ki, qol vursunlar. Yaxşı qol imkanlarımız da oldu. Toplanışda səhv emək bir tərəfdən bizim xeyrimizədi. Ancaq digər tərəfdən, futbolçuları bir o qədər qınamaq kimi düşüncəm də yoxdur. Çünki həqiqətən çox ağır mövsüm keçirdilər. Komandada bütün futbolçuların hazırlığı eyni deyil. Ümudsiz olmaq lazım deyil. İnşallah, qarşıda hazırlaşmağa hələ bir neçə günümüz var. Bu arada çalışırıq ki, buraxdığımız səhvləri aradan qaldıraq və komandanı oyuna tam olmasa da 70-80 faiz hazır edək. Buraxdığım səhvlər komanda olaraq edilən xətalardı. Normal haldı. Ayrı-ayrı futbolçu səhvlərinin olduğunu deməzdim. Bunlar komanda olaraq aradan qaldırılması səhvlərdi. Düşünürəm ki, bu səhvlər üzərində işləmək həm mənə, həm də futbolçulara faydalı olacaq.
- "Samtredia"nı nə dərəcədə təhlil edə bilmisiniz?
- Ümumiyyətlə, hamınız bilirsiniz ki, Gürcüstan komandaları, gürcü futbolçular xarakterlidi. Bu, rəqibdən asılı olmayaraq belədi. Onları kimdənsə çəkinən görməmişəm. "Samtredia"nın oyunlarını diqqətlə izlədik. Təhlükəli komandadı. Ümumiyyətlə, komanda şəklində çox aktivdi. Topla oynamağı, davranmağı sevən komandadı. Yaxşı düşünülmüş hücumlar qura bilirlər. Bu, bizim üçün təhlükəli olmalıdı. Görünür, baş məşqçiləri rəqibi yaxşı analiz edir və hər oyunda görürsən ki, komandanın bir neçə düşünülmüş hücumu olur. Diqqətli olmalıyıq, ciddi hazırlaşırıq. Komandamıza, futbolçularımıza inanırıq. Avstriyadan qayıdandan sonra 1 gün istirahət oldu və artıq məşqlərə başlayırıq. Tam olaraq oyuna çalışmağa başlayacağıq.
saytlarin hazirlanmasi