Əmrah Çəlikəl: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq"

15:57 - 14 İyul 2017

"Hazırda növbəti mərhələ barədə yox, Gürcüstan "Samtredia"sı ilə oyunu düşünürük".

 

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Klub rəsmisi bildirib ki, potensial rəqib olan "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütündə birincilərin mərhələ şansı daha yüksəkdir. Çəlikəl buna "Şerif"in evdə keçirdiyi ilk görüşdən 1:0 hesablı qələbə ilə ayrılmasını səbəb göstərib.

 

"Tanınmamış Dnestryanı Respublikasına səfər "Qarabağ"a problem yarada bilərmi?" sualına isə Ağdam təmsilçisinin baş direktoru belə cavav verib: "Çempionlar Liqası UEFA bayrağı altında keçirilirsə, təşkilati cəhətdən problem olacağını düşünmürəm".

 

"Qarabağ" "Şerif" - "Kukesi" cütünün qalibini üstələsə, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksələcək. Əvvəlki 3 mövsümdən fərqli olaraq, bu dəfə şanslar daha yüksək qiymətləndirilir. Ə.Çəlikəl isə hədəflərinin Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olduğunu bildirib: "Hər il Çempionlar Liqasında "pley-off"a yüksəlmək şansı qazanırıq. Bunun üçün əlimizdən gələni edirik. Bu il də belə olacaq və nəinki "pley-off"a, qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq".

 

Qeyd edək ki, "Qarabağ" "Samtredia" ilə ilk görüşdə 5:0 hesablı qələbə qazanıb. Cavab görüşləri 18 - 19 iyulda keçiriləcək. 

Xəbər xətti