Rəşad Sadıqov 300-ü fəth etdi

17:07 - 21 Avqust 2017

Azərbaycan Premyer Liqanın II turu millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. 

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla, yubiley qeyd edib.

 

“İnter”lə ev oyunu (1:0) Rəşad üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə “Azərsun Arena”da çatıb.

 

Ölkə çempionatının güclülər dəstəsində 2000/01 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələri saymasaq, Rəşad 2001-09-cu illərdə “Neftçi”də 125, 2009-2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

 

Qeyd edək ki, Rəşad Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla, 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidir. Onadək 16 oyunçu 300-cü arxada qoyub.

 

Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdur.

Xəbər xətti