"Hazırda yaxşı formadayam və özümü əla hiss edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında söyləyib. Təcrübəli sağ cinah müdafiəçisi "köhlən atlar"dakı gələcəyi haqda bu cür danışıb: "Qarabağ"da mümkün qədər çox qalacağıma inanıram. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. 8 ildir Ağdam komandasının şərəfini qoruyuram. Hər şey məni razı salır".
35 yaşlı futbolçu butsılarını mıxdan asmağı düşünmədiyini sözlərinə əlavə edib: "Digər sahələrdə olduğu kimi, futbolda da işə həvəsli, peşəkar və ehtirasla yanaşmaq lazımdır. Oynamaq istəyirəm, karyeramı bitirmək fikrim yoxdur. İşimə böyük həvəslə yanaşıram və oynamaq üçün gücüm var".
Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".
Qeyd edək ki, Albaniya millisinin üzvü 2010-cu ildən "Qarabağ"da çıxış edir.
saytlarin hazirlanmasi