"Dəlinin biriyəm, mənə bir də belə sual verməyin!" - APOEL-in baş məşqçisi qəzəbləndi

13:34 - 20 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan Kiprin APOEL klubu evdə Lüksemburq təmsilçisi "Düdelanj"a 3:4 hesabı ilə uduzdu.

 

Sportal.az "Kerkida"ya istinadən xəbər verir ki, oyundan sonra Nikosiya təmsilçisinin baş məşqçisi Tomas Doll jurnalistlərin suallarını cavablandırıb.

 

- Yanlış taktika seçmişdiniz?

- İlk hissədəki oyunun taktiki gedişlə əlaqəsi yox idi. Onu da deyim ki, Kiprdə bütün jurnalistlər sistemlə maraqlanır. Tamamilə yanlış düşünürsünüz. Uzun toplardan istifadə edirdik. Biz həftə ərzində bunun üzərində çalışmamışdıq. Həqiqətən də məğlubiyyətin oyun sistemi ilə əlaqəsi yoxdur! Üç müdafiəçi ilə oynamağımıza görə uduzmadıq. Üç və ya dörd müdafiəçi ilə oynasan da, topu özündə saxlamağı bacarmalısan. Həddən artıq çox səhvlər etdik. Əgər bunu görmürsünüzsə, deməli, futboldan heç anlamırsız. Elə soruşursunuz ki, sistem belə, sistem elə. Təkrar edirəm: ilk hissədə oynadığımız peşəkar futbol deyildi. Xahiş edirəm, mənə sistemlə bağlı sual verməyin! Mən dəlinin biriyəm, əsl dəliyəm! Sistemlə bağlı danışmalı olsam, özüm başlayaram, siz bu barədə sual verməyin.

 

- Ötən gün APOEL-in "Barselona" və ya "Real" olmadığını dediniz. Ancaq biz meydanda heç APOEL-i də görmədik.

- Hər oyuna köklənmək lazımdır. Rəqibin Lüksemburqu təmsil edib-etməməsi önəmli deyil, köklənməlisən! Biz də buna çalışırdıq, həftə ərzində möhtəşəm çalışırdıq. Buna görə də əsəbiyəm, mübarizələri uduzduq, heç yaxşı deyildik. ikinci hissədə 6 dəqiqəyə oyunu xeyrimizə dəyişdik. Hələ daha dörd real qol şansını qaçırdıq, inanılmazdır. Uşaqlar bundan dərs çıxarmalıdır. Oyunun sonları isə... Bu, motivasiya ilə bağlı deyil. Bir çox texniki səhvlər və müdafiədə diqqətsiz olduğumuz anlar var idi.

 

- Növbəti tur "Sevilya" ilə qarşılaşmada itirilmiş xalları bərpa etmək mümkün olacaq?

- Sevilyada favorit olmayacağıq. Çox dəyişməliyik. Daha güclü olmağa ehtiyacımız var. Xal qazanıb irəli getməliyik. Bu oyunda vacib üç xal itirdik. Gələn oyunlarda nə edəcəyimizi bilməliyik. Sevilyaya üç xalı geri almaq üçün gedəcəyimizi söyləyə bilmətik. Ancaq harda olsaq da, xal qazanmaq istəyirik. "Düdelanj"la matçda üç xalı asan şəkildə itirdik. Bunun baş verməsinə əsəbiyik.

 

- Oyunu səhv təhlil etmişdiniz? "Düdelanj"ın hesabda geri düşməsindən qələbə qazanacağını gözləyirdiniz?

- "Düdelanj" həmişə belə oynayıb. Onlar barədə hər şeyi bilirik. İlk hissədə oynadığımız futbol məqbul deyildi. Hər kəs üçün böyük sürpriz oldu. Kimsə səhv sistemlə bağlı məsuliyyəti mənim boynuma qoymaq istəyirsə, buyursun, etsin. Mən həmişə futbolçularımı qorumuşam! Həmişə! Niyə uduzduğumuzu bilirəm. Daha yaxşı oynamalıyıq. İkinci hissədə geri döndük, amma... Futbolçuları gördüm, qəm dəryasındadırlar. Başımızı qaldırmalıyıq. Üç vacib xal itirdik, çalışmağa davam etməliyik.

 

- Həftə ərzində mükəmməl hazırlıq keçdiyinizi söylədiniz. Bəs hanı nəticəsi?

- Mən də çaşqınlıq içindəyəm. Hamımızın diqqəti bu oyunda idi. Hamı nə edəcəyini bilirdi. Müdafiə xəttində kobud səhvlər etdik. Hücumlara rahat çıxıb, qol vurdular. İnanılmaz idi. Avropa Liqasında bu qədər top itirməklə necə oynamaq istəyirsiniz? Oyundan öncə topa nəzarət etməli olduğumuzu danışmışdıq. Amma meydanda belə alınması çox qəribədir.

 

- Rəqibə aşağı baxdığınız üçün uduzduğunuzu söyləmək olar? Məsələn, Tamari kimi futbolçunu hansı əsaslarla oynatmadığınızı söyləyin.

- Hər futbolçunun durumunu burda bilən tək insan mənəm. Bunu sizinlə müzakirə edəsi deyiləm, aydındır? Məşqləri mən izləyirəm, siz yox, onların durumunu görürəm. Tamari milli komandaların oyunlarından sonr açox yorğun idi. Heç kim məşqlərimizdə olmur, vəziyyəti bilən mənəm. Bu, baş məşqçinin qərarlarıdır, hörmət etməlisiniz. Bura hər futbolçunun niyə oynayıb-oynamadığını açıqlamaq üçün gəlmirəm. Qərarlarımızı qəbul etmək məcburiyyətindəsiniz!

Xəbər xətti