"Qarabağ"la oyunda azarkeşlərimizi təəccübləndirmək istəyirik" - "Düdelanj"ın kapitanı

12:12 - 2 Oktyabr 2019

Lüksemburqun "Düdelanj" klubunun kapitanı Conatan Juber Avropa Liqasının qrup mərhələsinin II turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu barədə fikirlərini bildirib.

 

Sportal.az “Le Quotidien”ə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper azarkeşləri təəccübləndirmək istədiklərini deyib:

 

"Avropa Liqasına uğurlu başlanğıc etdik. "Qarabağ" önündə də bunu xəyal etmək istəyirik. Hamımız bir nəticə barədə düşünürük. "Rosport" üzərində qələbə bizə özünəinamı qaytardı. Təbii ki, çempionatla avrokubok tam fərqli yarışlardı. "Rosport"u məğlub etməyimiz o demək deyil ki, bu gün özümüzü rahat hiss edirik. "Qarabağ"la matça hazırlaşmaq üçün vaxtımız var. Azarkeşlərimizi yenidən təəccübləndirmək istəyirik. "Qarabağ"ın avrokubokda böyük təcrübəsi var. Amma yenə də özümüzə inanırıq".

 

"Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Lüksemburq klubu ilk matçda Kiprdə APOELi məğlub edib (4:3), Azərbaycan təmsilçisi isə öz meydanında "Sevilya"ya uduzub (0:3).

Xəbər xətti