Azərbaycan millisinin məşhur qapıçısı: "İnturist"ə də gedirdik, şampan da içirdik" - MÜSAHİBƏ

21:49 - 3 Oktyabr 2019

Aleksandr Jidkovu Azərbaycan futbolunun "stajlı" azarkeşləri yəqin ki, unutmayıb. 1984-cü ildə Rauf Adıgözəlovun Ukraynadan tapıb gətirdiyi gənc, uzunsaç, ucaboy qapıçı tezliklə "Neftçi" azarkeşlərinin sevimlisinə çevrildi. Hər mövsüm SSRİ çempionatında qalmaq uğrunda mübarizə aparan "Neftçi"də əksər oyunlarda qapıçı ön plana çıxdığından Jidkovun xilaskar olduğu matçlar onu xeyli məşhurlaşdırdı. Bu məşhurluq onu Kiyevə, sovet futbolunun "avanqard"ı "Dinamo"ya, dahi Valeri Lobanovskinin yanına aparıb çıxardı. Amma Kiyevdə hər şey onun əleyhinə oldu. Sonra Avstriya və İsraildə legioner həyatı, Azərbaycan millisi və məşqçi həyatı...

 

Hazırda Moskvada yaşayan "Neftçi"nin (1984-87) və millimizin (1994-98) sabiq qolkiperi uzun fasilədən sonra Azərbaycan mediasına danışıb:

 

"İSGƏNDƏR CAVADOV VƏ İQOR PONOMARYOVDAN İNCİMƏMİŞƏM"

 

- Çoxdandır ki, sizdən xəbər yoxdur. Hazırda nə işlə məşğulsuz?
- Rusiyada yaşayıram. Bakını, Azərbaycanı, azarkeşləri hər zaman xatırlayıram. Azərbaycan yığmasının, klubların oyunlarını izləyirəm. Sonuncu iş yerim “Anji” idi. Bilirsiz ki, klubda maddi problemlər var idi. Amma köməkçilərimə, həmkarlarıma deyirdim ki, hərdən pulsuz, yalnız futbol və komanda üçün də çalışmaq lazımdır. Sonuncu dəfə “Anji” ilə müqaviləm başa çatdı və indi evdəyəm.

 

- "Neftçi”nin stajlı azarkeşləri sizi hələ də unutmayıblar. Bəs siz necə, bu komandanı, Bakını necə xatırlayırsız?
- Həqiqətən təəccüblü və xoşdur. “Tom” klubunda oynayarkən, bir gün Tomsk bazarı tərəfdən keçirdim və bir nəfər məni tanıdı, başladı, “Jidkov, Jidkov” qışqırmağa. O vaxt artıq yaşlaşmışdım. Amma o yaşda, özü də Sibirdə insanların məni tanımağı təəccüblü və xoş idi. Soruşdum ki, həqiqətən məni xatırlayırsan? Həmin azarkeş dedi ki, əlbəttə səni xatırlayırıq, “Neftçi” və digər klublardakı oyunların xatirimdədir. Təbii ki, bu yalnız xoş hisslərdir. “Neftçi” və digər klubları, Bakını, Azərbaycanı çox yaxşı xatırlayıram. SSRİ çempionatının iştirakçısı olan klubunun 18 yaşlı perspektivli qapıçıya güvənməsi bilirsiz, nə deməkdir? Mənə diqqət və güvən göstərən, qayğıma qalan rəhbərliyi də yaxşı xatırlayıram, heç vaxt da unutmuram. Hətta bazada çalışanlar da yadımdadır. Həmin illəri sevgi ilə xatırlayıram. Hələ “Respublikanski”yə (Tofiq Bəhramov adına Respublika stadionu - red. ) çıxdığımız oyunları demirəm. Stadionu, hər oyunda dolu gördüyüm tribunaları heç unutmaq olar? Hər oyunumuza 30-35 min adam gəlirdi. Həmin anlar unutulmazdır, xüsusilə də qalib gələndə. Yeganə olaraq “Ararat”a uduzanda yaxşı olmurdu. Onda sakitçilik olmurdu. Amma belə, “Respublikanski”də əksər oyunlar xoş xatirələrlə yadda qalıb.

 

- Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?
- 1998-ci ildə. Uzun zamandır ki, Bakıya gəlmirəm. Oğlum öz işi ilə əlaqədar Bakıda özünə dost tapıb, gedib-gəlir. Xanımım da yaxınlarda orada olub. Hələ heç nə itirilməyib, heç nə gec deyil. İş əsnasında gələcəkdə keçmiş həmkarlarla yenə Bakıda görüşə bilərik.

 

- "Neftçi”dəki keçmiş komanda yoldaşlarınızla əlaqəniz qalır?
- Əlbəttə, əlaqə saxlayıram. Emin Ağayev, Vladimir Mixaylevski, Gennadi Drozdov, Vəli Qasımov, Vladislav Qədirovla indi də danışıram. İndi hamının adını çəksəm vaxt çatmayacaq (gülür). Zaman dəyişib, hər kəs öz işi, ailəsilə məşğuldur. Artıq qocalırıq, amma yenə də vaxt tapan kimi bir-birimizlə danışırıq.

 

- Son illərdə Bakıda İqor Ponomaryov və İsgəndər Cavadovun təmtəraqlı yubiley tədbirləri keçirildi. Qonaqlar arasında sizi görmədik. Maraqlıdır, özünüz gəlməmişdiniz, yoxsa dəvət olmamışdı?
- Xeyr, dəvət gəlməmişdi. “Neftçi”nin yubileyinə dəvət almışdım, sadəcə, gələ bilmədim. Vəli Qasımovun vida oyununa dəvət edilmişdim, həmin vaxtı da gələ bilmədim. İqor Ponomaryov və İsgəndər Cavadovun yubileyinə gəlincə, ola bilsin ki, vaxt olmadı çağırmağa. Amma mən heç kimdən incimirəm. Hər şey normaldır.

 

- 1984-cü ildə 19 yaşında "Neftçi”yə gələndə komandada İsgəndər Cavadov söz sahibi idi. Deyilənlərə görə, özünü "avtoritet" statusunda görən Cavadov gənclərə münasibətdə amansız olub. Özünüzə münasibətdə bunu hiss edirdiz?
- Tək İsgəndər Cavadov yox, Maşallah Əhmədov, İqor Ponomaryov, Şakir Qəribov, Valeri Pançik, Səməd Qurbanov, Sergey Kramarenko da komandadaydı. İsgəndər Cavadov heç vaxt gəncləri incitməzdi, onun tərəfindən heç bir təzyiq hiss etmirdik. Biz futbol oynayırdıq, oyun zamanı bir-birimizə dəstək olurduq. Hər zaman “Neftçi”də yaşlı nəsil gənc nəsilə dəstək olurdu. Biz özümüz yaşlı nəsil olanda da bu ənənəni davam etdirirdik. Oyun zamanı qışqırmaq, nəsə demək, futbolda normaldır.

 

- Futbol oynadığınız dövrdə Jidkov soyadı daha tanınmış və gündəmdə idi. Amma karyeranızı başa vurduqdan sonra sanki kölgəyə çəkildiniz. Səbəbini özünüz üçün aydınlaşdırmısız?
- Mən onsuz da itməmişdim. Aydındır ki, futbolçu karyerası ömürlük deyil. Zaman yetişir, nə vaxtsa karyeranı başa vurmalı olursan. Futbolçu karyeramı başa vurduqdan sonra özümü baş məşqçi kimi sınamaq fikrinə düşmüşdüm. Sadəcə, buna zaman lazım idi. Amma sonradan qapıçı məşqçisi kimi fəaliyyət göstərmək qərarını verdim. Məşqçi karyerası da davamlı deyil, hər şey müqavilə ilədir. Bir gün buradasan, bir gün başqa yerdə.

 

"MACARISTAN AZƏRBAYCAN ÜÇÜN ƏLVERİŞSİZ RƏQİBDİR"

 

- 10 gündən sonra Azərbaycan yığması Macarıstanla qarşılaşacaq. Həmin milli ki, sizin üçün heç də xoş olmayan xatirələrlə yadda qalıb. Macarıstanla son oyununuzu xatırlayırsınız? Bakıda 0:4 hesabı ilə uduzduğunuz oyunu nəzərdə tuturam...
- Axı mən bilən 0:3 hesabı ilə uduzmuşduq..

 

- Həmin görüş 1996-cı olmuşdu. Amma 1998-ci ildə Bakıda 0:4 uduzmuşdunuz..
- Bəli, bəli yadıma düşdü. Dmitri Kramarenko zədələndi və mən meydana daxil oldum. O vaxtlar Avropa arenasında yeni-yeni addımlamağa başlayırdıq. Millinin oyununda isə fərdilik çox idi, kollektiv oyun çatışmırdı. Avropa təcrübəmiz də yox idi. İlk uğurumuz İsveçrəni məğlub etdiyimiz oyun idi. Uduzduğumuz oyunları da adi səhvlər edərək uduzurduq. Ona görə böyük hesablı məğlubiyyətlərimiz olurdu. Səhv etmirəmsə, Finlandiyaya da evdə uduzmuşduq. Biz Azərbaycan futbol tarixində işlər görən, nəsə etməyə çalışan ilk adamlarıq.

 

- Macarıstan 0:4 hesabı ilə uduzduqdan sonra Lixtenşteynlə də səfərdə bacarmamışdınız. Bu iki görüş sizin üçün yığmada son oyunlar oldu. Maraqlıdır, özünüz gəlmədiniz, yoxsa sizi yığmaya dəvət etmədilər?
- Bəli, evdə macarlara uduzduqdan sonra Lixtenşteynə yollandıq. Orada isə sensasiya baş verdi. Halbuki həmin oyunda qol imkanlarımız olduqca çox idi. Həmin qələbə Lixtenşteyn futbol tarixində ilk oldu. Həmin oyundan sonra Vaqif Sadıqov veteran oyunçulardan imtina etdi. Onlar arasında Yunis Hüseynov, Nazim Süleymanov, Aleksandr Jidkov da var idi. Heyəti gəncləşdirmək istəyirdilər. Ona görə bunu etdilər.

 

- Vaqif Sadıqovdan incimədinizki?
- Xeyr, əsla. Burada nə var ki, normaldır. Sadəcə, demək olardı ki, biz strategiyamızı dəyişirik, heyəti gəncləşdiririk. Buna qədər millidə oynayan insanlara təşəkkür etmək lazım idi. Əslində, bu belə olur. Amma o vaxtı bizi dəvət etməməyə başladılar, vəssalam. Ola bilər baş məşqçi və ya kimsə bunu unutsun, insandırlar. Amma əsas azarkeşlərin, xalqın verdiyi dəyər, qiymətdir. Əgər siz jurnalistlər, azərbaycanlı futbolsevərlər məni xatırlayırsa, demək ki, az da olsa xeyir vermişəm. Təəssüf ki, zaman yerində dayanmır, hər şey dəyişir. Ona görə də məşqçidən, hər hansı şəxsdən inciməyə dəyməz. Belə qərar verildi, nə etmək olar?(gülür).

 

- Maraqlı məqamlardan biri də odur ki, Macarıstan yığması hər zaman bizə minimum 3 qol vurub. Hətta bu tsikldə də Bakıda yığmamıza üç qol vurdular. Sizcə, onların xüsusi gücü nədədir? Halbuki onlardan daha güclü rəqiblər qarşısında o qədər aciz qalmırıq...
- (gülür) Bilirsiz, elə rəqiblər var ki, onlara qarşı necə oynayırsan-oyna, nə edirsən-et, canını qoy, gücünü səfərbər elə, yenə də uduzursan. Belə bir tendensiya var. Ola bilsin ki, Macarıstan Azərbaycan üçün bu cür əlverişsiz rəqibdir. Daha dəqiq səbəbini deyə bilməyəcəm, amma hərdən belə də olur.

 

- Necə düşünürsünüz, bu dəfə yığmamız Budapeştdən xalla dönə biləcək?
- 10-15 il əvvəl Macarıstan futbolu enişdəydi. Klubları da, yığmaları da o qədər güclü deyildi. Amma indi həm milli, həm də klub səviyyəsində yüksəlişdədilər. Elə bu mövsüm “Ferentsvaroş” Sergey Rebrovun rəhbərliyi altında avrokuboklarda uğurlu çıxış etdi. Macarıstan millisi də indi güclüdür. Yığmamızın Budapeştdə heç olmasa bir xal qazanmasını istəyirəm. Milli qrupda son dəfə səhv etmirəmsə, 10 xal yığmışdı. Buna çox sevinmişdim. Bakıda Norveçi udduqları oyunu da izləmişdim. Yaxşı nəticələr var idi. Azərbaycan klublarını da izləyirəm. Dostum Emin Ağayev “Səbail”də çalışır. “Neftçi” Avropa Liqasında “Arsenal”(Tula) klubu ilə qarşılaşmışdı və həmin oyunu da izləmişdim. Mənim kirayəyə verdiyim evimdə də azərbaycanlılar yaşayır və onlarla da daima söhbət edirəm. Mən hətta onlara təklif etmişdim ki, Tulaya “Neftçi”nin oyununa baxmağa gedək.

 

- Milli komandamız sizin vaxtınızda da böyük hesabla uduzurdu, indi də. Demək olar ki, yığmamız hələ də yerində sayır?
- Düzdü, Azərbaycanda futbola yanaşma fərqli olub, şərait dəyişib, yeni stadionlar tikilib. Peşəkar məşqçilər futbolla məşğuldur, uşaqlar 5-6 yaşında futbola başlayır. Amma vəziyyət Rusiyadakı kimidir. Məncə, futbolda əvvəl futbol oynamış peşəkar adamlar yer almalıdır. Rusiyada və Azərbaycanda yetərincə layiqli mütəxəssislər var. Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. İndi vəziyyət elədir ki, məsələn 7-8 legioner transfer edirsən, 4-5 yerli oyunçun da olsa komanda düzəlir. Rusiyada indi legioner limitini aşağı salmaq istəyirlər. Bəlkə Azərbaycanda da bunu etmək lazımdır. Düzdür, 6 legioner çox deyil, amma istənilən halda nəzərə alınmalıdır. Bəlkə yeni nəsildə istedadlı oyunçular yoxdur. Nə deyim? Ola bilsin ki, əvvəl istedadlı oyunçular daha çox idi.

 

"İNTURİST"Ə DƏ GEDİRDİK, ŞAMPAN DA İÇİRDİK"

 

- Bir məsələ də var ki, sizin millidə oynadığınız dövrün heyəti Azərbaycan futbolunda sovet məktəbi keçmiş ən güclü nəslin nümayəndələrindən təşkil olunmuşdu. Amma o heyətlə də nəticə verə bilmədiniz...
- Biz milli səviyyəsində təzə-təzə oynamağa başlayırdıq. Avropa arenasında yeni addımlarımız idi. Komanda yox, fərdi oyuna üstünlük verirdik. Əksər matçlarda Nazim Süleymanov və Yunis Hüseynov məsuliyyəti öz üzərinə götürürdü. Bizim vaxtımızda Azərbaycan millisi yenicə addımlayan, hətta deyərdim iməkləyən komanda idi. Bizim üçün çox çətin idi. İstənilən halda rəqiblərə qarşı layiqli mübarizə aparmağa çalışırdıq.

 

- Keçmiş komanda yoldaşlarınız deyirdi ki, “Aleksandr Jidkov idman rejiminə riayət etməyi sevmir”. Sizcə, karyeranızda daha irəli getməyinizə məhz bu amil səbəb oldu?
- Mən sakitcə buna cavab verəcəm. Biz gənc idik, futbolla məşğul idik. Evdə oturub kitab oxumurduq, biz futbolla məşğul olurduq, idmanı sevirdik, millinin heyətində səfərlərə gedirdik. Əlbəttə ki, istirahətə də yer ayırırdıq. “İnturist”ə gedirdik, gecə klublarında olurduq. Düzdür, gecə klubları o vaxtı demək olar ki, yox idi. Amma gecə 12-də “İnturist”ə rahat gedib, şampan içib, uşaqlarla söhbət edirdik. İdman rejiminə riayət etməməyim karyerama təsir etdi, yoxsa yox? İdman rejiminə riayət etməməyim düz deyil. Bilirsiz, insanlar həmişə danışır, amma futbolçu özü haqqında düşünür, öz karyerasını fikirləşir.

 

- Millidən fərqli olaraq klub futbolumuzu normal hesab etmək olar. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə qədər gedib çıxıb, bu mövsümdə də Avropa Liqasının qrup mərhələsində çıxış edirlər. Azərbaycanda klub və yığma arasında bu fərqi nə ilə izah edərdiniz?
- Klublar legioner transfer edir. Məsələn, “Qarabağ”dan 7-8 legioneri göndər, cəmi 2-3 əcnəbi qalsın, görün, “Qarabağ” harada olacaq? "Qarabağ" da Azərbaycanın ortabab klublarından birinə çevriləcək, yəqin ki, avrokuboklarda oynamayacaq. Təəssüf ki, vəziyyət belədir. İstedadlı yerli uşaqlar yoxdur.

 

- SSRİ çempionatında "Neftçi"nin heyətində bir mövsümdə (1987-red) dörd penalti qaytarmışdınız. Özü də "Spartak" və Kiyev "Dinamo"su kimi "əjdahalar"la oyunlarda. Demək olar ki, məhz bundan sonra dahi Valeri Lobanovskinin diqqətini çəkdiniz?
- Hər şey tək penalti qaytarmaqla olmur. Məşqçilər dörd penaltiyə və ya bir oyuna yox, bütün mövsüm ərzində ümumi çıxışa baxırlar. “Neftçi”nin heyətində Kiyevdə “Dinamo”ya qarşı oyunda yaxşı çıxış etmişdim. 1987-ci ildə SSRİ çempionatında mövsümün ən yaxşı 33 futbolçusu siyahısına, üçüncü qapıçı kimi düşmüşdüm. Bunlar hamısı öz təsirini göstərir. Görünür, Valeri Lobanovski yaş və perspektivi də nəzərə alaraq məni Kiyevə dəvət etmişdi. Üstəlik həmin vaxtı “Dinamo”nun təklifindən kim imtina edərdi?

 

- Amma Kiyevdə karyeranız uğurlu alınmadı...
- "Neftçi” və “Dinamo”nun oyunları fərqli idi. “Neftçi”də oynayarkən rəqib təzyiqini çox hiss edirdik. Qapımız qarşısında qol epizodları çox olurdu, mən də komandamı xilas etməyə çalışırdım. Yəni, daima tonusda olurdum. “Dinamo”da isə heyət fərqli idi, 8-9 oyunçumuz yığmada oynayırdı, güclü komandaydıq. Müdafiə də güclü idi. Orada bir az fərqli oynamaq lazım gəlirdi. Əlbəttə, “Dinamo”da məndə heç nə alınmadı.

 

- Tez-tez penaltilər qaytarırdınız. Hansı dəf etdiyiniz penaltini daha yaxşı xatırlayırsınız?
- SSRİ çempionatında mart ayında Moskvada “Olimpiyski” manejdə "Spartak"la oynayırdıq. Həmin oyunda əfsanəvi Fyodor Çerenkovun iki penalti zərbəsini qaytarmışdım. “Dinamo”(Kiyev) ilə oyunda, Mixayliçenkonun penaltisini dəf etmişdim. 1:0 qalib gəlirdik, sonra uduzduq. Aleksey Mixayliçenkonun penalti zərbəsini qaytarsam da, İqor Belanov bizə iki qol vurmuşdu. Həmin matçda qapımıza üç penalti təyin edilmişdi. Təxminən 5-6 penalti qaytarmışam. Amma Fyodor Çerenkovun iki penaltisini qaytarmağım daha çox yadımda qalıb.

 

- Azərbaycanda daima qapıçı problemi olub, indi də qalmaqdadır. Sizcə, həmin problemi necə aradan qaldırmaq olar?
- Azərbaycan, Türkiyə və ərəb ölkələrində eyni problemdir. Türkiyənin özündə belə demək olar ki, hamısı xarici qapıçılardır. Halbuki əvvəllər hamı Argentina və Braziliyadan olan qapıçılara lağ edirdi. Amma indi zaman elə gətirib ki, cənubi amerikalı qapıçılar ən güclülərdir. Bəlkə də zaman keçsin, Türkiyə və Azərbaycanda da güclü qapıçılar olacaq. Yəqin ki, gözləmək lazımdır.

 

- Sizcə, Azərbaycan yığmasında yeni Jidkov olacaq, yoxsa bunun üçün çox gözləmək lazımdır?
- Bilmirəm (gülür). Futbol kollektiv oyundur. Necə deyərlər, bir güllə bahar olmur. Tək Jidkovla, İsgəndər Cavadov, İqor Ponomaryov, Vladislav Qədirovla olmur ki . Kollektiv oyunda hamı bir-birinə kömək etməlidir. “Neftçi”də oynayanda işim çox olurdu, uşaqlar da kömək edirdi. İndi də Azərbaycan millisində yaxşı qapıçılar var. “Neftçi”nin qapıçısı da pis çıxış etmir. Bəlkə də bir az gözləmək lazımdır ki, hər şey yaxşı olacaq.

 

- Bakıda Aleksandr Jidkov adına qapıçı məktəbi açmaq ağlınızdan keçib?
- Yox, nəyə lazımdır ki? Kiminsə adına məktəbin olması əsas şərt deyil. Amma mənə zəng edən jurnalistlərə belə bir təklif irəli sürürdüm, deyirdim ki, qrup yaradaq və ora 5-6 yaşlı uşaqları cəlb edək. Onlarla işləyək və yaxşı səviyyəyə çatdırıb milli üçün qapıçı hazırlaşdıraq. Belə fikrim var idi, amma sonradan heç nə olmadı.

 

"FRANSA YIĞMASININ QAPIÇISINA PALÇIQLI FORMAMI VERDİM"

 

- Zinəddin Zidan, Kubilay Türkyılmaz, Dan Petresku, Jan Pyer Papen kimi tanınmış futbolçulara qarşı oynamısınız. Hər hansı maraqlı xatirələriniz qalıb?
- Fransa yığmasında çox tanınmış futbolçular oynayırdı. İsraildə oynayanda mənə tez-tez deyirdilər ki, Azərbaycan yığmasına nəyə gedirsən, onsuzda həmişə uduzursunuz? Mən də deyirdim ki, Avropa arenasına çıxmaq istəyirəm. İstənilən halda millidə oynamaq başqa təcrübədir. Yığmada oynayanda əvvəllər yalnız televizorda gördüyümüz ulduz oyunçulara qarşı çıxış edirdik. Xatirələr necə olacaq? Əlbəttə ki, yaxşı deyil. Çünki daima uduzurduq. Trabzonda Fransa millisinə qarşı 0:2 uduzduğumuz oyunu yaxşı xatırlayıram. (UEFA-nın qərarına əsasən, Azərbaycan yığması ölkədəki hərbi-siyasi vəziyyətə görə AVRO-96-nın seçmə mərhələsində ev oyunlarını Bakıda deyil, Trabzonda keçirirdi - red.) Erik Kantona ilə toqquşduq və mən zədələndim. Artıq 15-ci dəqiqədə əvəzlənmək istəyirdim. Amma Ağasəlim Mircavadov dedi ki, oynamaq lazımdır. Axsaya-axsaya da olsa dayandım, amma əvəzlənmək lazım idi. Jan Pyer-Papen vurduğu zəif zərbəni dəf etmək olardı, amma alınmadı. Çünki zədəli idim.

 

- Tez-tez Fransa yığması ilə oyundan sonra rəqib oyunçularla forma dəyişmək məsələsi gündəmə gəlir. Həqiqətən də icazə verilmədiyinə görə formaları dəyişə bilmədiniz?
- Bəli, bizə dedilər ki, bir formanız var, dəyişmək olmaz. Trabzondakı görüşdə Fransa millisinin qapıçısı Bernar Lama yaxınlaşdı və mənə formaları dəyişməyi təklif etdi. Stadion palçıqlı olsa da, onun forması tər-təmiz idi. Mənim formam isə ora-bura tullanmaqdan palçığın içində idi. Dedi ki, dəyişək formaları? Dedim istəyirsənsə, götür, forma palçıq içindədir (gülür). Yeganə oyunçu mən idim ki, Fransa millisinin oyunçusu ilə formanı dəyişdim. Çünki dəyişməmək ayıb olardı. Lama kimi ulduz özü gəlib formanı dəyişmək istəmişdi. Buna görə heç kim mənə nəsə demədi, mən də dəyişdim. Əvvəllər formalar, idman geyimləri də problem idi. İnkişaf etməkdə olan yeni federasiya idik deyə FİFA kömək edirdi.

 

- 1996-cı ildə Bakıda İsveçrə yığmasını məğlub etmişdiz. Bu, milli komandamızın ilk rəsmi qələbəsi idi. Yəqin, həmin qələbəyə görə yaxşı mükafat almışdız...
- Bəli, mükafat verdilər. Dəqiq xatırlamıram, amma deyəsən 200, yoxsa 300 dollar mükafat vermişdilər. Ola bilsin ki, komanda yoldaşlarım xatırlayır (gülür). O vaxtı necə mükafat olmalıydı ki? Həmin vaxtlarda o qədər yüksək məbləğlər yox idi.

 

-“Neftçi”dəki həmin nəsildən niyə güclü, tanınmış məşqçi çıxmadı?
- Bizim nəsildən İqor Ponomaryov İsveçə getdi. Bildiyim qədərilə orada da çox işləmədi, daha çox Azərbaycanda işlədi.

 

- İqor Ponomaryovun hazırda “Sabah”ın müvəqqəti baş məşqçisi olduğunu bilirsiz?
- Bəli, xəbərim var. Vladislav Qədirov mənə dedi. İqor məni komandaya dəvət etsə, məmmuniyyətlə gəlib işləyərdim, ona kömək edərdim.

 

- Onunla bu haqda söhbətiniz olub?
- Yox, yox danışmamışıq. Amma mən hazıram. Niyə də olmasın?

 

- Azərbaycan klublarından heç təklif almısınız?
- Xeyr, heç vaxt mənə Azərbaycandan təklif olmayıb. Təəccüblü olsa da, belədir. Nə etmək olar, həyatdır. Təklif olarsa, niyə də olmasın? Amma yoxdur. Müqaviləm başa çatıb və indi Azərbaycana gəlib orada rahat işləyə bilərəm.

 

- Ailənizdə sizin yolunuzla gedən, futbolla məşğul olan kimsə var?
- Xeyr. Hamı oxuyur, təhsil alır. Nəvələri gözləyəcəyik (gülür).

 

- Sonda azərbaycanlı futbolsevərlərə nə demək istəyərdiniz?
- Mən hər zaman Azərbaycanı xoş xatirələrlə, sevgi ilə xatırlayıram. Mən məhz orada öz sevimli xanımımı tapmışam. Bakı mənim üçün ikinci vətəndir. İnsanlara gözəl anlar, yaxşı əhval-ruhiyyə arzu edirəm. Azərbaycan xalqı hər zaman qonaqpərvərdir. Onların daima xoşbəxt olmasını istəyirəm (sportinfo.az).

Xəbər xətti