“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubunun hücumçusu Roman Bezyak Sloveniya mətbuatına açıqlama verib.
Sportal.az "Rtv"yə istinadən xəbər verir ki, sloveniyalı futbolçu APOEL-in təsnifat mərhələlərindəki oyunlarıbı şərh edib:
"Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra yeni baş məşqçi təyin edildi. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı möhtəşəm oynadıq. Bunu hücum mənasında demirəm, çünki bu komandaya qarşı hücum futbolu oynaya bilmərsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.
30 yaşlı forvard Nikosiya klubunun Avropa Liqasındakı şanslarını dəyərləndirib:
“Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdır. Biz hələ o səviyyədə deyilik. Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdır. Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”.
“Qarabağ” qrup mərhələsində növbəti iki oyununu APOEL-ə qarşı keçirəcək. Kipr klubu iki oyundan sonra xal qazanmayıb.
saytlarin hazirlanmasi