Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcəkləri oyundan öncə açıqlama verib.
Sportal.az 24sports.com.cy saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin rəsmisi azarkeş marağının az olmasından gileylənib:
“APOEL-in azarkeşləri oyunun mahiyyətini anlamalıdır. Qalib gəlmək heç bir şeyi həll etmir, amma bizi həyatda saxlayacaq. İlk dəqiqədən sona qədər dəstəyə ehtiyacımız var. Satılan biletlər 600-ü keçməyə az qalıb. 8800 bilet satışa çıxarmışıq. Çətin vəziyyətlə üz-üzəyik. 1/6 finala yüksəlmək üçün vacib xarakter daşıyan oyundan bəhs edirik. Ancaq azarkeşlər buna maraq göstərmirsə, bu, məntiqsizlik deməkdir. Belə bir oyuna maraq göstərməyən APOEL azarkeşi ola bilməz. Düzdür, bizim sadiq azarkeşlərimiz, Avropada fanatlarımız var. İndi bizim dəstəyə ehtiyacımız var, amma görünür, yuxudan ayılmayıblar.
Bizim oyunla bağlı xüsusi planımız var, amma bu, azərbaycanlılara cavab deyil. Vermək istədiyimiz mesaj APOEL-in ideal komanda olduğunu göstərməkdir. Yunan bayrağı APOEL-in rəmzidir. Bayraq ideasının Bakıdakı oyuna aidiyyatı yoxdur. Bunu daha əvvəllər də etmişdik”.
APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də GSP stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi