Elmar Əliyev: “Azarkeşlər çox darıxıb”

22:54 - 20 Aprel 2020

Koronavirus təhlükəsindən xilas olmağın yollarından biri də evdə qalmaq, sosial izolyasiya tədbirlərinə əməl etməkdir. Karantin rejimində #evdəqal həştəqi ilə başlayan kampaniya da buna hesablanıb. Artıq bir müddətdir ki, bu aksiyaya qoşulanlar arasında müxtəlif sahələrin adamları var. Elə idman sahəsində fəaliyyət göstərənlər də bu siyahıda yer alıb. İnsanları evdə qalmağa və həyatları xilas etməyə çağıranlar sırasında tanınmış futbol fanatı Elmar Əliyev də var.

 

Sportal.az xəbər verir ki, “Kəpəz” klubunun azarkeşlərlə iş üzrə əlaqələndiricisi karantin rejimi tətbiq olunandan şəxsi gigiyena qaydalarına, özünütəcrid tədbirlərinə əməl etməyə çalışır: “Qaydalara riayət edib evdə qalırıq. Yalnız zərurətdən kənara çıxırıq. İndiki məqamda evdə qalıb sağlam həyat yaşamaq lazımdır. Bu, bizim gələcəyimiz üçün atılan addımdır”.

 

Koronavirus pandemiyasına görə bütün yarışlar, çempionatlar yarımçıq dayandırılıb və mövcud duruma uyğun olaraq məşqlər də keçirilmir. Digər idman növlərində olduğu kimi futbol sahəsində çalışanlar da vəziyyət düzələnə kimi evdə qalmağa məcbur olublar: “Biz azarkeşlər üçün çox çətindir. Futbolsuz qalmışıq. Belə vaxtlar komandanın məşqlərini izləyib, oyunlara gedirdik. Azarkeşlər çox darıxıb. Futbolla nəfəs alan insanlarıq. Futbol yoxdu deyə, həyat bizim üçün mənasını itirib (gülümsəyir)”.

 

Vaxtilə futbolla məşğul olan Elmar Əliyevin peşəkar oyunçu olmaq istəyi həyata keçməyib. İndi onun yolunu “Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarında top qovan övladları davam etdirib, baş tutmayan arzularını reallaşdırmağa həvəsli görünürlər. Evdə qalan “amiqo” ləqəbli azarkeş uşaqların hazırlığına diqqət yetirir, boş vaxtlarını “Kəpəz”in oyunlarını izləməklə keçirir: “Məşqçi olmasam da, uzun müddətdir ki, futbol sahəsində fəaliyyət göstərirəm. Ona görə də az da olsa, müəyyən şeyləri bilirəm. Uşaqlara məşq keçirəm. Onlarla oturub doğma komandamızın köhnə oyunlarını izləyirik. İnşallah, tezliklə hər şey öz axarına düşər və çempionatlar da bərpa olunar”

Xəbər xətti