"Zirə"nin qapıçısı Aydın Bayramov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Səbail”lə oyun (2-2, penaltilərdə 3-2) haqda danışıb.
Sportal.az saytına açıqlama verən qolkiper komandasının bu görüşdəki performansını da dəyərləndirib:
"Çətin oyun idi. “Səbail”i də bu cür kollektiv yığdıqları üçün təbrik edirəm. I Liqada oynasalar da, yaxşı oyunçu seçimi var. Bizi MPL səviyyəsində oyun gözləyirdi. Futbolularının əksəriyyəti ötən mövsüm Premyer Liqada oynayıb. Heyətlərində yaxşı əcnəbi oyunçular da var. Onlar həm də motivasiyalı idilər, çünki yüksək liqa təmsilçisinə qarşı oynayırdılar. Çətin mübarizəyə, eləcə də penaltilər seriyasına hazır idim.
Hazırda böyük heyət itkiləri səbəbindən çətin dövrdən keçirik. Qarşıda hələ də "Araz Naxçıvan"la səfər oyunumuz var. Buna baxmayaraq, məqsədimiz qalib gəlməkdir. Amma istənilən çətinliyə hazırıq. Liderlərdən geri qalmırıq və onlara çatmağa çalışacağıq. Əsas məsələ bu çətin dövrdən sağ çıxmaqdır".
