"Çempionlar Liqası səbəbindən sıx qrafikamız var, buna öyrəşməliyik" - "Sabah"ın legioneri

12:22 - 27 Oktyabr 2026

"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”la (0:0) oyunu ilə bağlı fikirlərini bildirib.

Sportal.az saytına açıqlama verən özbək futbolçu komandasının Ağdam təmsilçisi ilə görüşdəki xal itkisini bu cür şərh edib:

"Möhtəşəm oyun alındı. Qalib gəlməyə çalışırdıq. Lakin matç heç-heçə ilə başa çatdı. Hücumdakı qol imkanlarından yararlana bilmədik. Epizodları reallaşdırmaq üzərində işləməliyik və belədə, daha da yaxşı olacağıq. Stadiondakı atmosferi, eləcə də meydançanın vəziyyətini bəyəndim. Ən yaxşısıdır. Bu meydançada oynamaqdan zövq aldıq".

Raxmonaliyev Premyer Liqada çempionluq mübarizəsinin gərgin keçəcəyini ehtimal etdiyini deyib:

"Bu mövsüm maraqlı olacaq. Çempionluq uğrunda mübarizə yüksəkdir. Ən güclü komanda çempion olacaq. Çempionlar Liqası səbəbindən sıx qrafikimiz var. Buna öyrəşməliyik”.

Mirbağırağa
 

Xəbər xətti