Futbolçuya olan borcuna görə klub fəaliyyətini dayandıra bilər

17:46 - 26 Oktyabr 2026

Moldovanın "Zimbru" klubu keçmiş oyunçusu Donni van İperenin işi üzrə İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından sonra fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb. Klub rəsmi şəkildə bəyan edib ki, məhkəmə qərarının icrası onun gələcək mövcudluğunu təhlükə altına ata bilər.

​Sportal.az xəbər verir ki, qərar 6 oktyabr 2026-cı il tarixində qəbul edilib. Mübahisə niderlandlı futbolçunun 6 avqust 2022-ci ildə aldığı ağır zədə, həmçinin klubun oyunçu qarşısındakı öhdəliklərini yerinə yetirməsi ilə bağlı olub.

​CAS-ın qərarına əsasən, ödənişlərin ümumi məbləği bir milyon avrodan çoxdur. Bu məbləğə itirilmiş qazanc və əmək qabiliyyətinə görə kompensasiya, tibbi xərclərin qarşılanması və mənəvi zərərin ödənilməsi daxildir.

​"Zimbru"da vurğulayıblar ki, Moldova futbolunun iqtisadi imkanları nəzərə alındıqda, bu cür maliyyə tələbləri son dərəcə ciddi bir sınaqdır. Klub rəhbərliyi fəaliyyətin dayandırılması ssenarisini nəzərdən keçirir.

Xəbər xətti