DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda keçiriləcək Azərbaycan - Serbiya matçını israilli referi Roy Reynşreyber idarə edəcək.
Sportal.az xəbər verir ki, o, bundan öncə bir dəfə millimizin oyununa təyinat alıb. Referi 2014-cü ilin sentyabrında AÇ-2016-nın seçmə mərhələ matçında yığmamızın Bolqarıstana uduzduğu oyunda (1:2) əlavə köməkçi hakim funksiyasını yerinə yetirib
Reynşreyber 2015-ci ildə “Qəbələ”nin Avropa Liqasının ilk təsnifat mərhələsində Tiflisdə “Dinamo”ya məğlub olduğu (1:2) görüşdə ədaləti qoruyub. 40 yaşlı hakim həmin matçda hər iki komandanın 2 futbolçusuna sarı vərəqə göstərmiş, gürcülərin 1 oyunçusunu meydandan qovmuşdu.
Hakim 2016/17-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın evdə PAOK-u (Yunanıstan) məğlub etdiyi (2:0) görüşdə baş hakim Alan Yefetin köməkçisi olub.
Reynşreyber 2017/18 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın səfərdə “Şerif”ə 2:1 hesabı ilə qalib gəldiyi matçı idarə edib. Təmsilçimizin mərhələ adladığı oyunda İbrahim Şehiç, Miçel, Rəşad Sadıqov, Donald Gerye, Ansi Aqolli sarı vərəqə alıb, ağdamlıların qapısına penalti təyin edilib.
Onun "Qarabağ"la yolu 2018/19 mövsümündə də kəsişib. Reynşreyber Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Vorskla" matçını (0:1) idarə edib. Ağdamlılardan Abdullah Zubir sarı vərəqə almışdısa, rəqibin 4 futbolçusuna xəbərdarlıq edilmişdi.
2014-cü ildən FIFA referisi statusunu daşıyan hakim bu müddətdə 42 beynəlxalq oyunda fit çalıb. O, bu görüşlərdə 161 sarı, 10 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi 15 dəfə də qapılara penalti təyin edib.
Martın 30-u Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçı saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi