Karyerasını bitirən FİFA referisi: "Mən şərtlə hakimlik edən adam deyiləm" MÜSAHİBƏ

11:26 - 11 Avqust 2021

Karyerasını başa vuran FİFA referisi Rəhim Həsənov Sportal.az saytına müsahibə verib.

 

38 yaşlı hakim karyerasını bitirməyin səbəbləri haqda danışıb:

 

- Hakimlik karyeranızı başa vurmağınızla bağlı məlumatlar doğrudu?
- Bəli, doğrudu.


- 38 yaşında karyeranızı bitirməyinizin səbəbi nədi?
- Məni qane etməyən bəzi səbəblər var idi. Ona görə də karyeramı bitirdim. Deyirlər ki, 38 yaş çoxdu. Mən də düşündüm ki, gənc hakimlər yetişirsə, təcrübəli hakimə ehtiyac yoxdusa, cavanlara yol açaq, onlar oyunları idarə etsin.


- Deyirsiz ki, 38 yaş çoxdu. Amma Avropada 44-45 yaşı hakimləri iş başında görürük. 
- Bizim Hakimlər Komitəsi düşünür ki, 38 yaş çoxdu, gənclərə şans vermək daha yaxşıdı.


- Bu barədə Hakimlər Komitəsinin sədri Fridtz Ştuxliklə söhbətiniz olub?
- Xeyr, onunla heç bir söhbətim olmayıb.


- Karyeranızı bitirməyinizlə bağlı da ona heç nə deməmisiz?
- Xeyr. Hakimlər Komitəsi ilə əlaqəni kəsdiyim üçün heç bir məlumat verməmişəm. Nə komitə maraqlanır, nə də mən əlaqə saxlamıram. Görünən odu ki, onlara lazım deyiləm, ona görə də maraqlanmırlar. Mənə elə gəlir ki, lazım olmayan yerdə qalmağın əhəmiyyəti yoxdu. Orada yamaq kimi qalmağa ehtiyac yoxdu.

 

- Siz nədən incidiz? Oyunlarınızın sayını azaltdılar?
- İki ildi mən hakimlik etmirəm. Qarşıma şərt qoydular ki, sənə ayda bir oyun verəcəyik. Mən də buna razılıq vermədim. FİFA referiliyim əlimdən alındı. Bir oyuna görə qalmağı doğru hesab eləmədim. Düşündüm ki, kənarda qalmaq ondan məsləhətlidi. 


- FİFA referiliyinin əlinizdən alınmasını ədalətsizlik hesab edirsiz?
- O barədə Hakimlər Komitəsi ilə danışmışıq. Dedilər ki, istəyirik FİFA-ya daha gənc hakimləri yönəldək. Mən də bildirdim ki, heç bir problem yoxdu. FİFA referiliyinin alınmasını haqsızlıq hesab etmirəm. Heç kim daim orada qala bilməz. FİFA hakiminin əsas işi odu ki, Azərbaycanı təmsil edir. Mən özüm özümü təmsil etmirəm. 8 il beynəlxalq dərəcəli hakim olmuşam. Kateqoriya adlaya bilməsəm də, federasiyanın başını aşağı etməmişəm. Daim qiymətlərim yüksək olub. Hakimlər Komitəsi də bunu yaxşı bilir. Bəzi səbəblər var. Yəqin UEFA düşünüb ki, Azərbaycan kiçik ölkədi, bir nəfəri qabağa çəksək, bəsdi.


- Səbəblər var deyirsiz, amma açıqlamırsız. Bəlkə o səbəblərdən biri tanışlıqdı? 
- Bu çox böyük mövzudu. Hər ölkənin FİFA hakimliyi limiti var. Bizdə üç baş hakimdi.


- Söhbət Azərbaycandan gedir. Bəlkə buradan FİFA-ya hakimləri tanışlıqla göndərirlər?
- Daxili ab-hava o qədər korlanıb ki, orada qalmağı özümə rəva görmədim. Orada qalanlar heç biri məndən inciməsin, hamısı dostlarımdı. Mən qalmağı özümə uyğun bilmədim. Bu dönəmdə nə hakim-inspektor kimi, nə digər şəxs kimi orada çalışmaq istəmərəm.

 

- Həmin ab-havanı kim yaradıb? 
- Bizdən əvvəlki nəsil də deyir ki, həmişə hansısa komitə sədri gələndə kimlərsə kənarda qalır. Bu yanaşma, stereotip aradan qalxmalıdı. Çox pis stereotipdi. Sanki sovetdən qalma düşüncədi. Mən hakiməm, işim meydana çıxıb oyunu ədalətli idarə etməkdi. Futbolçu deyiləm ki, bir klubdan çıxıb digərinə gedim. Mənim bir komitəm var, o komitəyə tabeyəm. Futbolçu elədi ki, xoşuna gəlməsə, istənilən an klubunu dəyişə bilər. Təəssüf ki, hakimlərin bu şansı yoxdu.

 

- Az öncə dediniz ki, ayda bir oyun verirdilər idarə etməyə. Fritz Ştuxlik sizdə nəyi bəyənmədi ki, cəmi bir oyuna təyinat verirdi?
- Bir söz deyəcəyəm, bəlkə də kimsə mənimlə razılaşmayacaq. Hər zaman sözün düzünü demişəm. Bu baxımdan orada qalmağım bəzi insanlara sərf eləmədi. Adi bir misal çəkim. Bəzi adamlar var ki, iclaslarda qaraya ağ deyir. Bu bizi uçuruma aparır. Nə vaxta kimi belə şeylərə göz yummaq olar? 


- Siz düzünü deyəndə Ştuxlikin xoşuna gəlmirdi?
- Kiminsə adını çəkmirəm. Heç o şəxsi yaxından tanımıram. Amma belə anlar var idi və bu xoşuma gəlmədi. Mən şərtlə hakimlik edən adam deyiləm. 8 il beynəlxalq dərəcəli hakim olmuşam. Səhvlərim də olub. Bundan sonra yeni nəsil də səhvlər edəcək. Hakimlikdə belə şeylər normaldı, bu mövzu həmişə olub. Heç kim deyə bilməz ki, bizim nəsil digərlərindən güclüdü. Hamısı normal hakimlərdi. Ümumiyyətlə Azərbaycanın daim güclü hakimlik məktəbi olub. Avropa məktəbindən uzaq düşsək də, ümumi götürəndə yaxşı hakimlərimiz var. Məsələn, Əliyar Ağayev. Bizim aramızda rəqabət olub. Rəqabət olmadan yüksək səviyyəyə çıxmaq mümkün deyil. Əliyar Ağayev maksimum çalısaraq yüksəlib.


- Bəlkə Fritz Ştuxlik Xaqani Məmmədovun dövründə olan hakimləri kənarlaşdırır? Son vaxtlar Əliyar Ağayevə də az təyinat verilir, Rəhim Həsənov getdi, ondan əvvəl Orxan Məmmədov karyerasını bitirdi. 
- Bu barədə nəsə deyə bilmərəm. Bayaq da dediyim ki, stereotip, yanaşma aradan qalxmalıdı. Yeni gələn yeniləri irəli çəkir, digərlərini unudur. Sırf indini demirəm, keçmişə baxanda bütün dövrlərdə belə olduğunu görürük. Sənin məqsədin odu ki, çempionat ədalətli idarə olunsun. Hakimin kim olmasının nə fərqi var ki? Mən hakimliyə başlayanda dedilər ki, saflıq, ədalət, rüşvətin aradan qaldırılması lazımdı. Şükürlər olsun ki, biz bunu maksimum bacardıq. Klublar, mətbuat bizə inanmağa başladı. Bəli, səhv edirdik. Amma klublar bunu normal qəbul edirdilər. Həmişə bizi dəstəkləyiblər. Məqsəd rüşvətin qarşısını almaq idi və biz buna nail olduq. İndiki Hakimlər Komitəsinin qarşısına qoyduğu məqsədlər mənə bəlli deyil. Hər komitənin məqsədi olmalıdı. Hazırda mən orada hər hansı məqsəd görmürəm. 


- Fritz Ştuxlik avstriyalıdı. Əcnəbi birinin köhnə komitəs sədrinin dövründən qalan hakimləri kənarlaşdırmasının səbəbi nədi?
- Bunun öz cavabları var. Sadəcə mən qloballaşdırmaq istəmirəm. Çox qəliz mövzudu. Təki hər şey yaxşı olsun. Fərqi yoxdu kimlərin FİFA referisi olmağının. Əsas odu ki, onlar irəli getsinlər, biz də fərəhlənək. Beynəlxalq oyunlarda heç kimin adı getmir, ölkənin adı gedir. İstənilən hakim bizim üçün doğmadı. Biz onu qorumalıyıq. Özümüz bir-birimizə dəstək olmalıyıq ki, hakimlər də inkişaf etsin. 


- Amma səbəbləri dəmədiz...
- Onlardan soruşsaz, deyəcəklər ki, Rəhim Həsənovu qaçış normativini yerinə yetirmədiyinə görə kəsmişik. Mənim 38 yaşım var, 5 santimetrə görə kəsmək, gülüncdü. 5 santimetrə görə kəsirlərsə, deməli mən ora lazım deyiləm. Uzatmağa dəyməz. 


- Bundan sonra futbolda hər hansı vəzifədə fəaliyyətinizi davam etdirmək fikriniz var?
- Bu gələcəyin işidi. Ömrüm boyu futbolun içində olmuşam. Bu sənəti sevib gəlmişəm. Əlbəttə, maddiyyat önəmlidi. İstərdim ki, futbolun içində qalım. Amma hazırda bu, arzu kimidi. İndiki Hakimlər Komitəsi ilə işləmək istəməzdim.

Xəbər xətti