Azərbaycana legioner həyatı yaşamaq üçün gəlib, karyerasını başa vurduqdan sonra da ölkəmizdə yaşayan azsaylı futbolçulardan biri Nuqzar Kvirtiyadı. Rusiyada “Zorkiy”, “Ryazan”, “Zelenoqrad”, “Znamya Truda” klublarında oynadıqdan sonra ilk dəfə 2009-cu ildə AZAL-a keçən futbolçu indinin özündə də ölkəmizdə yaşayır. Sportal.az saytına müsahibə verən 37 yaşlı veteran futbolçu bir çox məsələ haqda danışıb:
- Hazırda nə işlə məşğulsan? Maraqlıdı, futbolçu karyeranı başa vurduqdan sonra ailəni necə dolandırırsan?
- Özümün U-6-dan U-14 yaş qrupuna qədər olan futbol məktəbim var. Bu il ilk dəfə U-14 komandaları arasında keçiriləcək Azərbaycan çempionatında çıxış edəcəyik. Yeri gəlmişkən, AVRO-2020-nin Bakıda keçirilən oyunlarında fristayler kimi səfir idim.
- Uzun illərdi ki, Bakıda yaşayırsan. Paytaxtımızdan özünə ev almısan?
- Xeyr, ev almamışam. Allah qoysa, tezliklə bu da olar. Açığı, hər şeyin bu cür cərəyan edəcəyini bilmirdim. Ancaq Bakıda yaşamağı çox sevirəm. Moskvadan sonra Bakıda yaşamaq mənə rahatdı. Dostlarım hərdən yazır ki, “Moskvaya qayıdacaqsan?”. Mən isə istəmirəm. Doğrudu, İnnanın burada yaşaması da qərarıma təsir etdi. Çünki o, Azərbaycan vətəndaşıdı. Amma İnna Rusiya vətəndaşı olsaydı belə, Bakıda yaşayardım.
- Bildiyim qədərilə qız övladın var. Onun futbolçu olmasını istəyirsən? Əgər bu baş verərsə, Azərbaycan yığmasında oynamasına dəstək verəcəksən, yoxsa Gürcüstan yığmasına göndərəcksən?
- Bəli, 1 qızım var. Elə mənim futbol məktəbimə gəlirdi. Amma mən qızımın futbolçu olmasını istəmirəm. Hazırda rəqslə məşğuldu. Elə mənim də, xanımım da ürəyincə olan budu.
- Futbolçu karyeranı erkən başa vurduğunu düşünmürsən? Təklif yox idi, yoxsa peşəkar səviyyədə oynamaq istəmədin?
- Dostlarım mənə deyir ki, mən indiyə qədər futbol oynaya bilərdim. Mən özüm də hiss edirəm ki, bunu edə bilərdim. Təkliflər ölkə xaricindən idi. Ailəmdən kənarda isə oynamaq istəmirdim, ona görə butslarımı mismardan asmaq qərarına gəldim. Verdiyim qərara görə şadam. Əks halda Avropa çempionatının həyəcanını hiss edib, iştirakçı olmaq imkanını əldə etməzdim.
- Azərbaycana gəldiyin ilk günləri necə xatırlayırsan? Ümumiyyətlə, futbolçu karyeran ürəyin istədiyi kimi alındı? Azərbaycanda oynadıqdan sonra Tunisə də gedib çıxmışdın...
- Bura gələn kimi şəhər dərhal xoşuma gəldi. Dostlarıma, qohumlarıma Bakının necə gözəl olmasından danışırdım. Karyeramın ən yaxşı anları məhz Azərbaycanla bağlıdı. Avropa Liqasında oynamaq imkanı qazanmışdım. Doğrudu, Tunisdə də çıxış etdim. Əslində, Tunis çempionatı olduqca yaxşı, ciddi durumdadı. Orada “Marsel”, PSJ, “Lion”, “Metz” kimi komandalardan icarəyə gələn futbolçular oynayırdı.
- Ölkəmizə gələn legionerlər daha çox “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı” və “Neftçi” klublarının diqqətini çəkməyə çalışırdı. Maraqlıdı, AZAL-da oynayan zaman bu klublardan təklif almamışdın?
- Əlbəttə ki, təkliflərim var idi. AZAL-dakı birinci ilimdən sonra Toni Adams məni “Qəbələ”də görmək istəyirdi. Amma AZAL məni buraxmadı. Hətta klubun prezidentilə danışmışdım ki, transfer vərəqəmi almaq üçün pulu özüm ödəyəcəm. Düzü, həmin vaxtı AZAL-dan ayrılmaq istəyirdim. Çünki bu kluda keçirdiyim 1 sezondan sonra böyük məqsədlər görmürdüm. “Qəbələ” isə həmin vaxtı gələcək üçün böyük planlar qururdu. Amma ayrılmağım üçün böyük pul istədiklərindən AZAL-dan ayrıla bilmədim. Nazim Süleymanov da məqsədin Avropa Liqası olduğunu deyərək, qalmağım üçün məni razı saldı. 2012-ci ildə isə “Neftçi” məni istəyirdi. Böyükağa Hacıyev Moskvada olanda atama zəng elədi ki, məni komandasında görmək istəyir. Mən də razılıq verdim. Bakıya qayıdanda isə klub prezidentinin “Neftçi”də transferlərin olmayacağını açıqladığını eşitdim. Həmin vaxtı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdılar. Böyükağa Hacıyevlə isə heç cürə danışa bilmədim ki, bu durumu mənə izah etsin.
- Hazırki çempionatın səviyyəsini necə dəyərləndirirsən? Əvvəlki və indiki liqaları müqayisə etsən, ortaya hansı mənzərə çıxar? Hələ, bəzən veteran futbolçuların bəziləri hazırki liqanı zəif hesab etdiyindən “bir az məşq edib, formaya düşsəm, indiki liqada asanlıqla oynayaram” deyir. Sən də bu fikirdə olanlardansan?
- Doğrudu, çoxları bu cür deyir, mən də belə zarafat edirəm. Əvvəl çempionat daha güclü idi, rəqabət böyük idi. Futbolçuların keyfiyyəti də yüksək olurdu. İndi sürət yüksəkdi, amma keyfiyyət...Amma qayıtmaq üçün məşq etmək fikrində deyiləm. Qoy, cavanlar oynasın. Axı indi onların zamanıdı.
- Yeri gəlmişkən, Azərbaycan millisi üçün milliləşdirilmiş legionerlər arasında həmyerlin, Badri Kvaratsxeliya da olub. Ondan sonra, 2-ci gürcü kimi millidə oynamaq ehtimalın olub?
- Hər bir futbolçu millidə oynamaq xəyalı ilə yaşayır. 2009-cu ildə Azərbaycan millisinə cəlb oluna biləcəyim haqda söz-söhbət dolaşırdı. Amma ən yaxşısı, milliyə yerli və ya Azərbaycanda doğulan uşaqların cəlb olunmasıdı.
- Bir ara mini-futbol çempionatında çıxış edirdin. Çempionatdakı futbolçulardan yığılan millimiz var. Təsadüfən, həmin milliyə dəvət almamısan?
- Futzal da oynamışdım. Amma indi bu mövzu məni maraqlandırmır. Futzal və çimərlik millisinə məni dəvət ediblər. Amma mən nəzakətli şəkildə imtina etdim. Çünki indi əsas məqsədim futbol məktəbim və bloqerlikdi.
- Yeri gəlmişkən, "youtube", "tik-tok" və "instaqram"da aktivliyin yüksəkdi. Sosial şəbəkələrdən pul qazana bilirsən?
- Yutubdan indi elə də çox qazanmıram. Amma yavaş-yavaş izləyici toplayıram. Pulu əsasən instaqramdan qazanıram. Tik-tokdan da həmçinin. Çünki orada 1 milyona yaxın izləyicim var.
saytlarin hazirlanmasi