Legioner futbolçumuz: "Anam vəfat etdikdən sonra karyeramı başa vuracaq halda idim" - MÜSAHİBƏ

11:59 - 30 Sentyabr 2021

Qadınlardan ibarət Azərbaycan milli komandasının aparıcı futbolçusu, hazırda Rusiyada "Krasnodar" forması geyinən Sevinc Cəfərzadə Sportal.az saytına müsahibə verib:

- “Krasnodar” son turda “Çertanova”ya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı?
Bir neçə tur idi ki, qələbəyə həsrət qalmışdıq. Halbuki oyunlara ciddi hazırlaşırdıq. Sadəcə, gah bəxtsizlik olurdu, gah da təcrübəsizlik məğlubiyyətimizə gətirib çıxarırdı. Bizim komanda gənc oyunçulardan qurulub. Məğlubiyyətə baxmayaraq, həmişə rəqibdən üstün oyun göstərməyə çalışırdıq. "Çertanova" ilə qələbə bizə hava-su kimi lazım idi ki, inamı geri qaytaraq, uğursuzluq seriyasını qıra bilək. Üstün futbol oynadıq və 2:0 qalib gəldik.

- "Krasnodar"dakı öz durumundan necə, razısan? Sənə yetərincə şans verildiyini düşünürsən?
-
 Durumum çox yaxşıdı, hər oyun demək olar əsas heyətdə yer alıram. Sadəcə ard-arda aldığımız zədələr bəzən fasilə verməyə məcbur etmişdi. Müəyyən müddətdir ki, məşqlərə dönmüşəm. Əlimdən gələni edirəm ki, həm formamı geri qaytarım, həm də əsas heyətdəki yerimi.

​- Komandanın baş məşqçisi ilə münasibətin necədi? Güvəndiyi oyunçulardansan?
- Baş məşqçi ilə münasibətim çox yaxşıdı. Həm insani dəyərləri, həm də futbol keyfiyyətləri çox üstün olan biridi. Ondan öyrənəcəyim çox şey var. Bu cür məşqçi ilə işləmək xoş və qürurvericidi. Anam vəfat edəndən durumum çox pis idi. Karyeramı, idmanı başa vuracaq halda idim. Amma Babayev o məşqçidi ki, ən çətin anımda həm fiziki, həm mənəvi, həm də psixoloji sarıdan mənə güvəndi, komandaya dəvət etdi. Durumumu ona danışdığım halda belə, “mən və klubum sənə güvənirik” dedi. Anamın ruhunun şad olmasını istəyirəm, ayağa qalxmağımda anamın ruhunu şad etmək üçündü. Çünki o, həmişə mənimlə qürur duyurdu. 

- Son toplanışda milli komandanın düşərgəsində yox idin. Bu nə ilə bağlı idi? 
- Milli komandanın düşərgəsində nəyə görə olmadığım barədə danışmaq istəmirəm. Ümid edirəm ki, gələcəkdə milli komandaya kömək edə biləcəm. Özüm orada ola bilməsəm də, ürəyim millinin yanındaydı. Məğlubiyyətlər məni də çox üzür. Buna baxmayaraq komanda yoldaşlarıma inanıram. AFFA milli komandaya əlindən gələn hər dəstəyi göstərir. Hətta mən uzaqlarda olsam belə, rəhbərlik olaraq dəstəklərini hiss edirəm. Rəhbərliyə təşəkkür edirəm.

- Millimiz Rusiyaya uduzdu, ardınca Danimarkaya böyükhesabla məğlub oldu. Ehtimal edirdin ki, belə olacaq?
- Danimarka çox güclü komandadı. Hətta top komandalardan hesab edilir. Hesabın bu cür olmasını isə heç kim istəməz və əminəm ki, qızlarımız əlindən gələni etdi. Sadəcə təcrübə, ustalıq səviyyəsi Danimarkada çox üstündü ki, onlar da öz oyunları ilə bunu sübut etdi. Heç ruslar da onlardan geri qalmır. Son oyunda Portuqaliyanı məğlub etməyi bacardı. Hətta Niderland rusları çətinliklə, minimalhesabla uddu. 

- Rusiya Premyer Liqasının səviyyəsi necədi? Səncə, Azərbaycan Premyer Liqası da nə vaxtsa Rusiya çempionatının səviyyəsinə çatacaq? Bəlkə Rusiyadakı kimi Azərbaycanda da kişi komandalarının nəznində qadın komandaları fəaliyyətə başlasın, o zaman inkişaf olar liqada?
- Son illərdə Rusiya Superliqasının səviyyəsi yüksəlişdədi. Ən azı Rusiya millisinin qələbələri sıralaması buna əyani sübutdu. Təbii ki, kişi komandalarının qadın komandalarına dəstək verməsi böyük amillərdəndi. İnsanların dəstəyi də çox önəmlidi. Bizdə də kişi komandaları qadın komandalarının fəaliyyətinə başlasa, bu yolda dəstək olsa, gələcəkdə biz də böyük uğurlara imza atmış olarıq. Azarkeş amili, insanların dəstəyi, valideynlərin öz uşaqlarına güvənməsi, onlara icazə verməsi mühüm amillərdən hesab edilir.

- Krasnodardakı həyatın necə gedir? Səni narahat edən nəsə var?
- Əvvəllər Krasnodarın “Kubanoçka” klubunda 2 il  oynamışam və Premyer Liqada 3-cü yeri tutmuşduq. Yenidən Krasnodara qayıtmışam, bu dəfə “Krasnodar”a keçmişəm. Heç bir çətinliyim yoxdu, nə lazımdırsa, klub öz dəstəyini dərhal göstərir. Bu klubda olduğuma görə çox xoşbəxtəm. Çünki idmançı üçün hər cür şərait yaradıblar. Futbolçuya çox dəyər verirlər, hətta rus dilini daha yaxşı bilməyim üçün klub məni müəllimlə də təmin edib. Burada kişi futbolçularına necə şərait yaradıblarsa, qadın futbolçularına da o cür şərait yaradırlar, ayrıseçkilik etmirlər. Qidalanmağımız, yeni formalar, məşq üçün ideal, təbii ot örtüklü stadionlar, hələ ev oyunlarını keçirdiyimiz yeni stadionumuzu demirəm....Çox möhtəşəmdi. Bir sözlə hələ ki, buradayam və bu anların dəyərini bilmək, daha yaxşı məşqlərdə çıxış etmək və komandamda daha da xeyirli oyunçulardan olmaq istəyirəm. Klub rəhbərliyi həm şəhər, həm klub üçün çox iş görür. Burada sakit həyatımı yaşayıram, məşqlərimə və istirahətimə vaxt ayırıram. Boş vaxtım olanda da öz üzəriməd işləyirəm. Bu yerlərə gəlib çıxdığım üçün Allaha minnətdaram. Mənə dəstək olan ailəm və bir neçə şəxs var ki, onlara təşəkkür edirəm. Daim mənə inandılar. 

Xəbər xətti