Bu gün “Qarabağ” Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Omoniya” önünə çıxacaq. Ağdam təmsilçisinin sabiq kapitanı Səttar Əliyev Sportal.az saytına müsahibə. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Nikosiyadakı matçdakı şanslarını dəyərləndirib:
- "Qarabağ" bu gün Konfrans Liqasının 2-ci turu çərçivəsində "Omoniya" ilə qarşılaşacaq. Təmsilçimizin Nikosiyada rəqibini məğlub edəcəyinə inanırsınız?
- Azərbaycan xalqının ürəyi “Qarabağ”la döyünəcək. “Qarabağ” evdə “Bazel”ə qarşı göstərdiyi oyunu Kirpdə də sərgiləyəcək. Sadəcə Bakıdakı matçda bəxt bizdən üz döndərmişdi, qol vəziyyətlərindən istifadə edə bilməmişdik. Allah qoysa, bu günki matçda yaranan hər bir qol vəziyyətindən istifadə edərlər. Hamımız "Qarabağ"a inanırıq. Onsuzda bu komanda həmişə Azərbaycanın üzünü ağ edib. “Qarabağ” qrupdan çıxacaq 2 komandadan biri olacaq.
- Necə düşünürsünüz, "Qarabağ" Kiprdəki matçda "Bazel"ə qarşı Bakıda oynadığı kimi oynamalıdı, yoxsa daha çox müdafiəyəmeyilli oynasa uğurlu nəticə ilə qayıdar?
- "Qarabağ"ın öz oyun intizamı, sistemi var. Qurban Qurbanov “Omoniya”nı analiz edib və ona qarşı öz taktikasını seçəcək. İnanıram ki, komanda Kiprdə, ilk turda "Bazel"ə qarşı oynadığı oyundan da gözəl oyun nümayiş etdirəcək.
- Ümumiyyətlə, proqnozunuz necədi?
- Proqnoz verməyi xoşlamamışam. Amma “Bazel”lə ev oyunundan sonra demişəm ki, “Qarabağ” qrupdan çıxıb, pley-off mərhələsinə qalacaq. "Qarabağ"ın "Omoniya"nı səfərdə 2:1 hesabı ilə məğlub edəcəyini düşünürəm. Ən pis halda 1:1 hesabı olacaq. “Qarabağ”ın qələbəsi hər birimizin arzusudu.
- “Qarabağ”ın Kipr komandalarına qarşı oyunları olduqca ağır keçir. Bunu nə ilə bağlayırsınız, oyunətrafı ajiotaj, yoxsa Kipr klublarının güclü olması ilə?
- “Qarabağ”ın avrokuboklarda daim çıxış edir, Çempionlar Liqasında qruplara qalıb və öz oyun intizamı var deyə rəqiblər ona hörmətlə yanaşır. Kipr komandalarının bizim üçün əzəli rəqib olduğunu da deyə bilməzdim. Allah qoysa, “Qarabağ” Kiprdə öz sözünü deyər, maraqlı və gözəl oyunu ilə səfərdən 3 xalla qayıdar. Çətin olsa da belə, “Qarabağ” öz oyununu oynayacaq.
- "Qarabağ" "Omoniya"nı məğlub edərsə, qrupdan çıxmaq yönündə irəliyə böyük addım atmış olacağını demək olar?
- Özümdə analiz edirəm və düşünürəm ki, Nikosiyada uduzmasaq, Bakıda 2 qələbə qazanaraq 8 xalla qrupdan çıxan 2 komandadan biri ola bilərik. Ancaq Kiprdə qalib gəlib, evdə də 2 oyunu udsaq, 10 xalla 1-ci pillə ilə də qrupdan çıxa bilərik. “Qarabağ” xalqın döyünən ürəyi olub. Onlar qələbə ilə dönərsə, qrupdan çıxmaq məsələsini 40-50 faizini həll etmiş olacaq.
- Komandanın son transferi ibrahima Vadji haqda çox danışılır. Bəziləri onun çox yaxşı forvard olduğunu deyir, bəziləri o qədər böyük perpspektiv vəd etmədiyini bildirir. Siz Vadji transferini necə dəyərləndirirsiniz?
- Qurban Qurbanov öz seçimlərində heç vaxt yanılmayıb. Trasnfer etdikləri oyunçular da “Qarabağ”ın oyun sisteminə uyğun futbol oynayır. İnanıram ki, İbrahima Vadji “Qarabağ” sevərləri sevindirəcək, komandaya köməyi də olacaq, qollarını vurub xallar qazandıracaq. Özünüz də görəcəksiz ki, bu transferdə də yanılmayıblar. Qurban Qurbanov hər futbolçunu “Qarabağ”a transfer etmir. Ona görə də seçdiyi, dəvət edilən futbolçular həmişə “Qarabağ”da sözünü deyib.