"Qarabağ" komanda şəklində mükəmməl oynadı, Kadi Borgesi uğurlu transfer hesab etmək olar" - MÜSAHİBƏ

13:29 - 1 Oktyabr 2021

1993-1997, 1999-2004 və 2006-2007-ci illər arasında “Qarabağ”da çıxış etmiş Elmir Xankişiyev Sportal.az saytına müsahibə verib. Ağdam klubunun veteran futbolçusu Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Omoniya”ya qarşı keçirdiyi oyunu dəyərləndirib.  

- “Qarabağ” “Omoniya” ilə matçda 4:1 hesabı ilə qalib gəldi. Bu cür hesab olacağını ehtimal edirdiniz?
- “Qarabağ”ın bu cür böyükhesabla qalib gələcəyini gözləmirdim. Amma uduzmayacağını ehtimal edirdim. Hamıya da demişdim ki, “Qarabağ” Kiprdə uduzmayacaq. Ancaq yenə deyirəm, 4:1 kimi böyükhesabla qələbə qazanacağını, sözün düzü, gözləmirdim. Amma “Qarabağ” çox gözəl futbol oynadı. Demək olar ki, bütün xətlər üzrə bütün oyunçular yaxşı təsir bağışladı. Komanda şəklində mükəmməl oynayıb qələbə qazandılar. “Qarabağ”ı təbrik edirəm.

- Komanda fasiləyə 0:1 məğlub yollanmışdı. Sizcə, fasilədən sonra dəyişən nə oldu ki, “Qarabağ” 4 qol vuraraq rəqibini məğlub edə bildi?
- Düzdü, ilk yarıda uduzdular. Amma oyunun ilk dəqiqələrindən görünürdü ki, “Qarabağ” oyuna yaxşı başlayıb, xətlər arası əlaqələr yüksək səviyyədədi. Oyundan da görünürdü ki, “Qarabağ” axır-əvvəl qol vuracaq. Sadəcə bu 2-ci hissəyə təsadüf etməsi lap yaxşı oldu. Yəni ard-arda qollar gəldik. 

- Matçda dublla yadda qalan Kadi Borges barədə hansı fikirdəsiniz? 
- Kadi Borges çox yaxşı transferdi. “Qarabağ” üçün uğurlu transfer hesab etmək olar. Gəldiyi gündən də qollarını vurur. Çox yaxşı yarımmüdafiəçidi, oyunu oxumaq qabiliyyəti yüksəkdi, son ötürmələri də var, qol vuran ayağı da var. Yarımmüdafiəçiyə nə lazımdırsa, hər şey onda var.

- Uzun zamandır ki, qol vura bilməyən Ramil Şeydayev də dünən fərqlənməyi bacardı. Şeydayev dünən vurduğu qolla özünəinamı geri qaytaracaq?
- Ramil Şeydayev qol vurması daha yaxşı oldu. Çünki çoxdandır ki, qol vurmurdu. Bir az stress keçirirdi. Hücumçu da elədir ki, qol vurmadıqca oyunu alınmır, özündə stress keçirir. Bu da oyununa mənfi təsir edir. Ramilin qol vurması da çox yaxşı oldu ki, gələcək oyunlarında özünə daha inamlı olub, daha yaxşı çıxış edəcək. Ramil Şeydayevi də qol vurduğuna görə təbrik edirəm. Onun inamlı olması milli komandamızda da inamlı çıxışına təsir edər.

- “Qarabağ” hazırda 4 xalla qrupun lideridi. 8 il ardıcıl qrup mərhələlərində mübarizə aparan təmsilçimiz bu mövsüm nəhayət ki, qrupdan çıxa biləcək?
- “Qarabağ” həmişə qruplarda oynayır, təəssüf ki, çıxa bilmir. Bu mövsüm onların qrupdan çıxmaq şansları var. Hər halda “Qarabağ” evdə “Kayrat” və “Omoniya”nı məğlub etsələr, elə 10 xalla rahat qrupdan çıxacaq. Qrupdan çıxmaq şansları yüksəkdi.

- Bu mövsümki “Qarabağ”ı əvvəlkiləri müqayisə etsəniz, ortaya hansı mənzərə çıxacaq?
- Bu mövsümki “Qarabağ” 2-3 il əvvəlki “Qarabağ”dan daha güclüdü. Amma lap keçmiş zamanlara qayıdanda, onlarla indiki “Qarabağ”ı müqayisə etmək olmur. Çünki o vaxtkı şərtlər və diqqət başqa idi. Bu mövsümki “Qarabağ” əvvəlkindən daha güclüdü.

Xəbər xətti