İngiltərə Premyer Liqasının oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Sportal.az xəbər verir ki, bu barədə kanalın sosial media hesabları məlumat yayıb. Açıqlamada deyilir:
Azərbaycan teleməkanında böyük tamaşaçı auditoriyasına malik, dünyanın ən baxımlı liqası sayılan İngiltərə premyer liqasının 2021/2022 mövsümünün mərkəzi oyunlarınıın İctimai Televiziya ilə yayımlanması barədə razılıq əldə olundu.
Futbol həvəskarları hazırda İngiltərə premyer liqasının oyunlarını ölkə ərazisində izləməklə bağlı problemlə üzləşdiyi üçün nüfuzlu idman tədbirlərinin yayımlanmasında zəngin təcrübəyə malik İctimai Televiziya azarkeşlərə növbəti sürpriz edir. Anlaşmaya əsasən hər turun 2 mərkəzi qarşılaşması İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu razılığın əldə edilməsində telekanala ünvanlanan çoxsaylı müraciətlər, şirkətin sosial şəbəkə hesablarının mesaj qutularına yazılan minlərlə məktub və ümumiyyətlə Premyer Liqa oyunlarına böyük ictimai maraq nəzərə alınıb.
Beləliklə, bu həftənin şənbə günü oktyabrın 2-si saat 15:30-da başlayacaq “Mançester Yunayted” – “Everton” oyunu ilə İngiltərə Premyer Liqası Azərbaycan teleməkanına qayıdır. Bazar günü saat 19:30-dan başlayaraq isə futbol azarkeşləri “Liverpul”-“Mançester Siti” oyununu İctimai Televiziya vasitəsilə canlı izləyə bilərlər. Xoş seyrlər!
saytlarin hazirlanmasi