"Neftçi" ilə matçda gücümüzü göstərməliyik" - MÜSAHİBƏ

15:52 - 1 Oktyabr 2021

“Səbail”in albaniyalı müdafiəçisi Yurgen Hoca Sportal.az saytına müsahibə verib. Cari mövsüm 2 qol vuran müdafiəçi Premyer Liqanın 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyunu dəyərləndirib.

- “Səbail” son 2 görüşdə məğlub oldu. “Qəbələ” və “Zirə” məğlubiyyətlərini unutmusunuz?
- Bəli, həmin 2 oyunu da unutmuşuq. Ancaq həmin görüşləri təhlil etdik. Öz səhvlərimizi gördük. Ümid edirik ki, həmin səhvləri təkrarlamayacağıq.

- Sabah “Neftçi” ilə qarşılaşacaqsınız. Bu matçda qalib gəlməyiniz realdı?
- “Neftçi” çox güclü komandadı. Ancaq öz evimizdə oynayırıq və səhv etməmək məcburiyyətindəyik.  Ümidvaram ki, biz istədiyimiz kimi oynayıb, nəticə qazanacağıq.

- “Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 3-cü pilləsindədi, ancaq ölkə çempionatının son qalibidi. Bu komanda barədə fikrin necədi?
- Əlbəttə ki, çempion kimi onlara hörmətlə yanaşılmalıdı. Ancaq biz əlimizdən gələni də etməliyik. Ki, turnir cədvəlində yuxarı pillələrdə yer ala bilək. Təbii ki, “Neftçi” yüksək motivasiyadadı. Lakin biz də öz gücümüzü göstərməliyik.

- Yeri gəlmişkən, “Səbail” ev oyunlarını sünii örtüklü meydanda keçirir. Səncə, bunun özü sizin üçün rəqiblərlə müqayisədə üstünlük qazandırır?
- Məncə, bəli,  bizim üçün üstünlükdü. Çünki biz orada daim məşq edirik, meydanı daha yaxşı tanıyırıq.

- Müdafiəçi olsan da, cari mövsüm 2 qol vurmağı bacarmısan. Cari mövsüm neçə qol vurmağı planlaşdırmısan?
- Ümidvaram ki, mövsümdə 5-6 qol vura biləcəm. Bunu edə bilərəm. Çünki artıq 2 qol vurmuşam, mövsümə yaxşı başlamışam.

- Azərbaycanda ilk mövsümün deyil. Cari mövsüm ötən ildən daha maraqlı keçir?
- Mövsüm yeni başlayıb. İndidən nəsə demək çətindi. Amma bu mövsüm komanda olaraq yaxşıyıq və uğurlu nəticələr qazana biləcəyimizi düşünürəm. Mövsümün də maraqlı alınacağı fikrindəyəm.

Xəbər xətti