Rəşad Sadıqov: “Millinin heyətinin oyuna 5-6 saat qalmış açıqlanması məyusedici oldu” - VİDEO

22:10 - 1 Oktyabr 2021

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

 

- Komandama təşəkkür etmək istəyirəm. Əzmkarlıq göstərdilər, çox böyük istəklə meydana çıxmışdılar. Vacib 3 xal qazandıq, oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidir. Ciddi hazırlaşmışdıq, sonda vacib xal qazandıq.

 

- “Zirə”nin heç bir futbolçusu milliyə çağırılmayıb. Buna münasibətiniz nədir?
- Düzü, mən də təəccübləndim. Daha çox futbolçumuz milliyə namizəddir. Məşqçinin qərarıdır. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidir. Bircə, heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, daha çox fayda versinlər. Heyət məşqçinin qərarıdır.

 

- Heyətin erkən açıqlanması komandaya psixoloji təsir edə bilər? Düşünmürsüz ki, bu, “Zirə”yə qarşı düşünülmüş addımdır?
- Yox, belə düşünmürəm. Sadəcə, artıq həm futbolçuları oyuna motivasiya etməlisən, həm də milliyə çağırılmadıqları üçün bir az onları ruhlandırasan.


- Coşqun ötən il “Sabah”da az oynasa da, milliyə çağırılırdı. Amma indi daha çox oynayır, çağırılmır…
- Bu tip oyunçular qorunmalıdır, qayğı göstərilməlidir ki, daha inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdir. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Coşqunun oyununu çox bəyənirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var. Bəlkə də, milliyə çağırılmaması onun üçün daha motivasiya olacaq. Milliyə uğurlar arzu edirəm.

 

- Qarşıda fasilə var. Bu, sizə necə təsir edəcək?
- Yaxşı çıxış edən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq.

 

- Komandanın nəyə qadir olduğunu artıq bilirsiz?

- Əvvəldən nəsə proqnoz vermək olmur. Məni sevindirən amil odur ki, komandam böyük xarakter göstərir. Qol buraxsaq da, məyus olmur, sınmırıq. Düşünürəm ki, hər komanda inkişaf edə bilir. Heç vaxt maksimumunun nə olacağını deyə bilməzsiz. Filip Paxtman yenidən zədələndi və 6-7 ay komandadan kənarda qalacaq.

 

- Paxtmanla yolları ayıracaqsız?
- Paxtmanla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, o, Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq.

 

Xəbər xətti