"Qarabağ" güclü və çətin komanda olsa da, qalib gəlmək istəyirik" - MÜSAHİBƏ

12:19 - 3 Oktyabr 2021

“Qəbələ”nin şimali makedoniyalı futbolçusu İsnik Alimi Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun barədə danışıb. 

- Hazırda “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsindədi. Bu nəticə sizə böyük motivasiya verir?
- Motivasiya hər oyunda böyük olmalıdı. Çünki biz yaxşı start götürmüşük və bu cür də davam etmək niyyətindəyik. Ümidvaram ki, istədiyimiz kimi də olacaq. 

Bu gün “Qəbələ” “Qarabağ” önünə çıxacaq. Səfərdə rəqibi məğlub etmək sizin üçün realdı?
- “Qarabağ”a qarşı öz oyunumuzu oynamağa çalışacağıq. Hər zaman bunu edirik. Doğrudu, çətin olacaq. Çünki “Qarabağ” özü çətin və güclü komandadı. Heyətində çox yaxşı futbolçular yer alıb. Amma istənilən halda, biz qalib gəlməyə çalışacağıq.

- “Qarabağ” haqda fikrin necədi? Konfrans Liqasının 2-ci turunda “Omoniya”nı səfərdə məğlub etdilər. Həmin oyunu izləmisən? Ümumiyyətlə, “Qarabağ” “Qəbələ” üçün ən təhlükəli rəqibdi?
- Bayaq dediyim kimi, “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridi. Onlar hər mövsüm avrokuboklarda qruplarda oynayır. Heyətində çox yaxşı futbolçular yer alıb və onlar doğurdan da yaxşı futbol nümayiş etdirir.

- “Qəbələ” qalib gələcəyi təqdirdə əsl iddiasını ortaya qoymuş olacaq. Bununla yanaşı çempionluq uğrunda oynadığınızı düşünənlər də az olmayacaq. Çempionluq uğrunda oynamaq istəyirsiniz, yoxsa belə məqsəd yoxdu?
- Biz bir oyun başa çatdıqdan sonra növbəti oyunu düşünürük. Yəni indidən siz deyənləri düşünmürük. Yalnız növbəti matça köklənirik və yaxşı futbol oynayaraq, qalib gəlmək istəyirik. Bu gün biz “Qarabağ”la oynayırıq, matç başa çatandan sonra, qarşıdakı turdakı “Zirə” oyununu düşünməyə başlayacağıq. Yəni addım-addım irəliləmək istəyirik.

- Bugünki matçdan sonra çempionatda təxminən 2 həftəlik fasilə yaranacaq. Sizin üçün yaxşıdı, yoxsa pis?
- Məncə, bu kiçik pauza tək “Qəbələ” üçün yox, bütün komandalar üçün yaxşı olacaq. 

Xəbər xətti