“Keşlə”nin kapitanı Tərlan Quliyev Sportal.az saytına müsahibə verib. Komandanın təcrübəli futbolçusu Premyer Liqanın 5-ci turundakı “Qarabağ”, ötən tur isə “Sabah”la görüş barədə fikirlərini bildirib.
- “Keşlə” mövsümdəki ilk qələbəsini “Sabah” üzərində qazandı. Necə alındı görüş sizin üçün?
- “Sabah”la oyuna ciddi hazırlaşmışdıq. Açığı, heç yaxşı oyuna yox, nəticəyə köklənmişdik. İlk 4 tur yaxşı oynadıq, amma qalib gələ bilmədik. Bizə xal lazım idi, ona görə nəticəyə oynayırdıq. “Sabah”ın heyəti də “Neftçi” və “Qarabağ” kimi genişdi, bahalı oyunçuları var. Yaxşı xarici futbolçuları da var.
- “Sabah” tərəfi baş hakimi qərəzli olmaqda ittiham etdi. Son dəqiqələrdəki penalti epizodu var idi. Səncə penalti təyin edilməliydi, yoxsa hakimin qərarı doğru idi?
- Kənardan ötürmə verilən epizodda, gördüyüm qədərilə penalti epizodu idi. Amma səhvsiz insan yoxdu. Bizim də oyunlarımızda o qədər səhvlər olub ki. Şəhriyar Əliyevin 4 oyunluq cəzalanması...Deyirlər guya söyüş söyüb, amma Şəhriyar söyüş söyməyib, “korsan?” sözünə görə 4 oyunluq cəza verdilər. Səhvlər hamıda olur.
- “Keşlə”nin potensialı nəyə imkan verir? İlk “üçlüy”ə oynaya biləcək gücdəsiniz, yoxsa necə?
- Uduzduğumuz oyunlarda məğlubiyyətə layiq deyildik. Sadəcə kim səhv edir, uduzur. “Qarabağ” və “Sabah”la matçlarda səhvləri minimuma endirib, nəticəyə köklənmişdik. Şükür Allaha alındı. İlk “üçlüy”ə düşməyimizi zaman göstərəcək, tezdi nəsə demək. “Səbail”lə oyunda yaxşı nəticə qazanmaq lazımdı.
- Sənan Qurbanov “Neftçi” məğlubiyyətindən sonra bir neçə futbolçunu tənqid etmişdi. Daha çox tənqid etdiyi Aldair Neto “Qarabağ”a qol vurdu, Miyuşko Boyoviç də “Sabah”a qarşı etibarlı futbol oynadı. Baş məşqçinin futbolçuları tənqid etməsi aqressivləşdirir, yoxsa ayıldır?
- Oyunçudan-oyunçuya fərq var. Şəxsən hansısa məşqçi məni tənqid etsə, mən də ona tənqidlə cavabını verərəm. Elə oyunçu var ki, başının üstündə “yumruq” olmalıdı, elə də futbolçu var, ona nəsə deməyə ehtiyac yoxdu, məsuliyyəti dərk edir, bilir. Ona görə oyunçular fərqlidi, hamıya aid deyil. Hər halda görünən budur ki, futbolçular deyilən sözlərdən nəticə çıxarıblar. Tək oyunçular yox, hamı nəticə çıxarıb, dediklərinə əməl etməlidirilər.
- Sabiq komandaların “Neftçi” və “Qarabağ” çempionluq uğrunda mübarizə aparır. Hansı komandanı çempion olmasından yanasan? Bu mövsüm ötənilkindən daha maraqlıdı?
- Mövsüm yeni başlayıb, indidən nəsə demək çətin məsələdi. Bütün komandalara uğurlar arzu edirəm. İndiki vəziyyətdə “Qarabağ”ın şansları yüksəkdi. Çünki “Qarabağ” stabil oynayır.
- “Qarabağ”a qarşı heç-heçə “Keşlə”yə böyük motivasiya verdi? Necə düşünürsən, 2 oyuna 4 xal komandanı “qara zolaq”dan çıxardı?
- Bəli, demək olar “qara zolaq”dan çıxmışıq. Amma bununla kifayətlənmək olmaz. Tək oyunçular yox, heç kim kifayətlənməməlidi. Komanda deyiriksə, hamıya aiddi, istəyir rəhbərlik, oyunçular, məşqçilər bir-birinə kömək olmalıdı. Kömək olacaqsa, yenə də uğurlu nəticəyə ümid bəsləmək olar. Amma kömək olmasa, çətin olacaq. Sadəcə indi komanda 2 turdu ki, yaxşı nəticə qazanır. Qarşıdan “Səbail”lə oyun gəlir. Bu matça hazırlaşmaq üçün də komandaya dəstək lazımdı.