"Səbail"in kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib. İlk dəfə 2003/2004 mövsümündə debüt etmiş Əmirquliyev Azərbaycan Premyer Liqasında 423 oyunla mütləq rekordçudu. Əmirquliyev 2015-2018-ci illərdə formasını geyindiyi "Qarabağ"ın da avrokuboklardakı çıxışını da dəyərləndirib:
- Premyer Liqanın 6-cı turunda “Neftçi”yə məğlub oldunuz. Komandanın məğlubiyyətinin səbəbini nədə görürsən?
- “Neftçi” ilə oyundan qabaq “Qəbələ” və “Zirə”yə də uduzmuşdu. Çox istəyirdik ki, “Neftçi” ilə matçda uğurlu nəticə əldə edək. Həmin matça çox yaxşı hazırlaşmışdıq. Pis oynamadıq, rəqib qapısı qarşısında xeyli fürsət yarada bildik. Sadəcə istifadə edə bilmədik. Futbolda hər zaman belə olur, sən istifadə edə bilmirsən, rəqib istifadə edir. Üstün tərəf “Neftçi” olsa da, bizdə də onlardan az imkanlar olmadı. Yaxşı imkanlar oldu, istifadə edə bilmədik. Epizodlardan da istifadə edə bilmədinsə, qələbə qazanmağın çətindi. Çempionat davam edir. “Neftçi”yə qarşı oynadığımız kimi oynasaq, inanıram ki, bizə lazım olan nəticələri əldə edə bilərik.
- 3-cü turdan sonra komanda yalnız məğlub olur. Problemi nədə görürsən?
- Son 3 turda xal qazana bilmirik ki, bu da komandaya pis təsir edir. “Neftçi”yə uduzsaq da, yaxşı oyun oynadıq. Belə oynamağa davam etsək, gələn turlarda lazım olan nəticəni əldə edərik. Uğursuzluqlar hər komandanın başına gələ bilər, hər şey əlimizdədi. Toparlanıb bu durumdan çıxmaq lazımdı. Komandamızda gələn turlarda qələbə qazanmaq üçün potensial var.
- Ötən mövsüm komandada maddi problemlər tez-tez önə çıxırdı. Cari mövsüm necə, bu cür problemlər özünü göstərib?
- Düzdü, ötən mövsüm maliyyə cəhətdən bir az problemlər var idi. Amma bu mövsüm hələ ki, siz deyən problemlə qarşılaşmamışıq. Hələ ki, hər şey qaydasındadı. Ümid edirəm ki, çempionatın sonuna qədər davam edəcək.
- “Qarabağ” və “Neftçi”yə qarşı bu mövsüm meydana çıxmısan. Səncə, “Neftçi” cari mövsüm çempionluq titulunu saxlaya biləcək?
- “Neftçi” hər zaman çempionluğa oynayan komanda olub. Çempionluğa oynayan 2 komanda var, biri “Neftçi”di, digəri “Qarabağ”. Digər komandalardan fərqlənirlər. “Neftçi”nin də bu mövsüm çempion olmaq şansları çoxdu. Amma düşünürəm ki, “Qarabağ” “Neftçi”dən bir az üstündü, güclüdü. İstənilən halda hər 2 komandanın çempionluq şansları yüksəkdi.
- Azərbaycan Premyer Liqasında mütləq rekordçusan. Özü də 14 yaşında debüt etmisən. Debüt matçını xatırlayırsan?
- Bəli, çempionatda ən çox oyun keçirən futbolçu olmuşam. Debüt oyununa gəlincə, vallah, dəqiq yadıma gəlmir. Deyəsən, “Şəfa”ya qarşı oyun idi. Amma dəqiq yadımda deyil ki, əsas heyətdə meydana çıxmışdım, yoxsa sonradan meydana daxil olmuşdum, xatırlamıram. Üstündən çox keçib. İstənilən halda şadam ki, bu qədər oyun keçirmişəm.
- Sabiq komandan “Qarabağ” Konfrans Liqasında çıxış edir. Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı necə dəyərləndirirsən?
- Sevindirici haldı ki, “Qarabağ” Konfrans Liqasının qrupunda oynayır. Təəssüf ki, “Neftçi” qruplara düşə bilmədi. “Qarabağ” Avropada bizi sevindirir, onların avrokuboklardakı bütün oyunlarını izləyirəm, çox yaxşı oyun göstərirlər qrupda. “Bazel”lə oyunda da qələbə qazanmalıydılar, bəxtləri gətirmədi. “Omoniya” ilə matçda möhtəşəm oyunla, böyükhesablı qələbə qazandılar. “Qarabağ”a gələcək oyunlarda da uğurlar arzulayıram. İnanıram ki, “Qarabağ” bu mövsüm qrupdan çıxacaq. Buna gücü və potensialı da imkan verir. Oyunları ilə də göstərirlər ki, qrupdan çıxmağa layiqdilər.