Regional Liqada iştirak edəcək yeri yaranmış "Cəbrayıl"ın baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az saytının məlumatına görə, klubun prezidenti Cavid Hüseynov baş məşqçi postunda da özü fəaliyyət göstərəcək. O, öncə bu məsələ haqda danışıb, daha sonra komandasının məqsədlərindən söz açıb:
"Əslində, düzünü deyim istəmirdim. Amma indi B kateqoriyasını oxuyuram. Ona görə mənə komanda lazım idi. Aslan Kərimovun rəhbərliyi altında məşqləri gəlib izləyəcəklər və qiymətləndirəcəklər. Həm də komandaya kömək olmağa çalışacam. Məqsədlərimizə gəlincə, komanda bu il nəticəyə oynamır. Əsas məqsədim yaxşı futbolçuları inkişaf etdirməkdi. Çünki gələcəyin komandasını qururuq. 3-4 təcrübəli futbolçularımız da yer alacaq, amma əksəriyyəti cavanlar olacaq. 2000-2005-ci il təvəllüdlülər də var. Üstünlüyü onlara vermişəm".
Hüseynov, AFFA-nın dəstəyinin də olduğunu bildirib: "Elxan Məmmədovla sıx-sıx görüşürük. Yeni başlamışam işə, sağolsun AFFA və Elxan müəllim mənə bu yolda çox dəstək olur. Bir həftə ərzində onunla 3 dəfə görüşmüşəm, telefonla da əlaqə saxlamışam. Dəstəklərini əsirgəmirlər".
"Gələcəkdə 1-ci divizion və ya Premyer Liqada iştirak etmək? Gələcəyin söhbətidi, bizim üçün indi əsas olan klubu formalaşdırmaqdı. İndi bunu istəyirəm. İlk addımlarımızı atırıq, çətinliklərimiz olacaq, buna baxmayaraq həvəslə işləyirik ki, yaxşı olsun" - deyə, Cavid Hüseynov fikirlərini yekunlaşdırıb.
saytlarin hazirlanmasi