Azərbaycan milli komandasının sabiq futbolçusu Rəşad Sadiqov Sportal.az saytına müsahibə verib. Veteran futbolçu həm ölkə çempionatındakı çempionluq mübarizəsindən, həm milli komandamızın DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlarından danışıb.
- “Qarabağ” Premyer Liqanın 6-cı turunda “Qəbələ”ni məğlub edərək vahid lider oldu. Son ölkə çempionu “Neftçi” isə 2-ci pillədə qərarlaşıb. Ölkə çempionatındakı mübarizə barədə fikrin necədi?
- Mənə elə gəlir ki, çempionluq mübarizəsi “Qarabağ” və “Neftçi” komandaları arasında gedəcək. Görünən odur ki, “Qarabağ” bir az üstündü. Titulu “Neftçi”dən alacaq ya, yox onu bilmirəm. Hər şeyi zaman göstərəcək. Amma 2 komandanın çempionluq uğrunda oynayacağı görünür. Hər halda “Qarabağ” 1 addım öndədi.
- Bəs, bu mövsüm daha çox diqqətini çəkən komanda və ya futbolçu hansıdı?
- Bu mövsümlə ötən mövsümkünü müqayisə edəndə, elə də ciddi fərq görmürəm. Ötən mövsüm də mübarizə var idi, bu mövsüm də var. Onsuzda hər il belə olur. Diqqətimi çəkən komanda “Qəbələ”di. Doğurdan da yaxşı futbol oynayırlar, açıq, hücum futbolu nümayiş etdirirlər. Yəni daha cəlbedici oynayan “Qəbələ”di.
- Sabiq komandan “Qarabağ” Konfrans Liqasında hazırda 1-ci pillədə qərarlaşıb. “Omoniya” üzərindəki səfər qələbəsi “Qarabağ”ın qrupdan çıxa biləcəyinə böyük təkan verdi?
- “Qarabağ” Kiprdə “Omoniya”nı məğlub etməklə özünə yaxşı şans yaratdı. Hələ 2-ci dövrə var, evdə “Omoniya” ilə oynayacaq. Onlardan xal ala bilər, digərlərindən də həmçinin. “Qarabağ”ın Konfrans Liqasının qrupundan çıxmaq şansı böyükdü.
- Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələ oyununda İrlandiya və Serbiya ilə qarşılaşacaq. Səfərdə irlandlarla 1:1 oynayan millimiz Bakıda onlara qalib gələ bilər?
- Xal götürə bilərik. İrlandiyadan da götürə bilərik, Serbiyadan da. Hər bir komandadan xal götürmək olar. Baxır, necə oynayacağıq, rəqib necə yanaşacaq. Elə rəqib var imkan vermir, nə qədər mübarizə aparsan da, gücün çatmır. Amma xallar almaq olar.
- Səncə, milli komandadan kənarda qalan var idi?
- Millinin hazırki durumu barədə deyə bilmərəm. Onu millidə, klublarda dəqiq bilər ki, kiminsə futbolçusu yaxşı formadadı, dəvət almadı. Mən kənardan deyə bilmərəm.
- Qarşıda 2 oyunda uğursuzluq olarsa, səncə, AFFA Canni De Byazi ilə yollarını ayıracaq?
- Bunu AFFA-nın rəhbərliyi bilər. İnanmıram yolları ayırarlar. Çünki, ən azından müqaviləsi var. Müqaviləyə az qalmış yola sal, başqasını gətir, hamısı maddiyyatdı. Tez-tez məşqçi dəyişmək peşəkarlıqdan da uzaq olur.