Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamış Vadim Ağarəhimova böyük ümidlər bəslənilsə də, o, zədə səbəbindən peşəkar futbolçu karyerasını erkən başa vurmalı oldu. “Zenit”in yetirməsi olan, U-19 və U-21 yığmalarında oynamış Ağarəhimov hazırda Sankt-Peterburqda uşaqlara futbolun sirlərini öyrədir. Sportal.az saytına müsahibə verən Vadim bir çox məqamlara toxunub:
- Karyeranı erkən başa vurmağın zədə ilə bağlı idi?
- Doğrudu. Zədələnmişdim və bu da uzun müddət davam etdi. Sonradan ailəmlə məsləhətləşdim və qərara gəldim ki, peşəkar səviyyədə karyeramı davam etdirməyim. İndi uşaqlarla işləyirəm, məşqçi kimi. İşimi də sevirəm. Uşaqlara futbolun sirlərini öyrətməyi, onlarla işləməyi sevirəm.
- Azərbaycanın U-21 yığmasında da çıxış etmisən. Hazırda yığma tsikldə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 uduzaraq son pillədədi. Səncə, nəyə görə nəticələr bu cür zəifdi?
- Təbii ki, burada oyuna hazırlıqdan çox şey asılıdı. Komanda taktiki, texniki cəhətdən hansı vəziyyətdədir, o da önəmlidi. Yəni nəticəyə təsir edən amillər az deyil.
- Yığmada oynadığın vaxtlarda komandanın böyükhesablı nəticələrini xatırlayırsan?
- Bəli, yığmada oynayanda yüksəliş də var idi, və eniş də. Böyükhesabla uduzduğumuz oyunlar da var idi. U-19 yığmasının heyətində elit-raund matçında Danimarkaya 0:2 uduzmuşduq, ondan əvvəl isə İngiltərə və Fransa ilə qarşılaşmışdıq. İrlandiyaya uduzduğumuz oyunu da xatırlayıram. Lakin yaxşı oyunlarımız və qələbələrimiz də olub. Yəni futbolda istənilən nəticə baş verir.
- Necə düşünürsən, sizin vaxtki nəsil daha güclü idi?
- Bəli, həmin vaxtki nəsil çox güclü idi. Çox yaxşı heyətimiz var idi. Bizə keyfiyyətli məşqçi korpusu rəhbərlik edirdi. Nikolay Adamı yaxşı xatırlayıram. Həqiqətən yaxşı məşqçi idi.
- Yığmadan sənin komanda yoldaşın olan Mahir Emreli hazırda "Legiya"da çıxış edir. Onun hazırki çıxışı barədə fikrin necədi?
- Mahir indi "Legiya"da çox yaxşı oynayır. O, hər zaman fiziki və texniki baxımdan seçilirdi. Onun yaxşı gələcəyi olduğundan şübhəm yox idi. Əmin idim ki, Mahir böyük futbol oynayacaq. İldən-ilə inkişaf edir. Mahirin adına çox sevinirəm.
- Ramil Şeydayevlə də uşaqlıqdan birlikdə oynamısan. Son vaxtlar qol vursa da, uzun müddətdir ki, tənqid edilir. Karyerasında enişdə olduğunu düşünürsən?
- Ramili də uşaqlıqdan tanıyıram. Onunla birlikdə uşaq komandalarında oynamışıq. Hər zaman mükafatçılardan olub, inkişaf edib. Ramilə böyü afərin düşür. Hər zaman hər insanın, xüsusilə də futbolçuların enişi olur. Balansı tapmaq mütlqədi ki, həmin vəziyyətdən çıxasan. Əminəm ki, Ramilin karyerası yalnız yüksəlişə keçəcək. Ona uğurlar, can-sağlığı və zədəsiz karyera arzulayıram.