Azərbaycan milli komandasında oynamış, uzun illər ölkəmizdə oynadıqdan sonra Belarusun “Slaviya-Mozır” klubuna keçən Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib. O, Belarusdakı karyerasından danışıb.
- Belarus çempionatı haqda nə düşünürsən? Çempionatın səviyyəsi ürəyincədi?
- Hər şeyi bəyənirəm. Çempionat çox maraqlıdı. Xüsusən də insanlar oyuna gəlir, tribunaları doldurur. Lap kiçik uşaqlardan, yaşlı insanlara qədər hamı oyuna çox maraq göstərir.
- Orada sənin üçün maraqlı və qəribə gələn nə oldu? Belarusda olub Azərbaycanda olmayan nə var və yaxud da əksinə?
- Belarusda futbolu çox sevirlər. Burada oyun günü inasnlar üçün bayram olur. Azərbaycanda isə yalnız derbi matçlarına maraq olur, insanlar gəlirdi. O da hər zaman yox.
- Komandada nəyə görə tez-tez oynamırsan? Hələ ki, özünü sübut etməmisən, yoxsa əsas heyətə düşmək çox çətindi?
- Mən 5 ay buraxmışdım. İndi isə optimal formadayam və tezliklə oynayacağımı görəcəksiniz. Daha tez-tez və daha çox oynayacam. Son matçda 40 dəqiqə meydanda oldum. BATE matçında əsas heyətdə oynamalıyam.
- Növbəti oyununuz BATE-yə (Borisov) qarşı olacaq. Onları evdə udmaq olar?
- Əlbəttə ki, BATE-ni udmaq da realdı. Əgər real olmadığını düşünsək, daha nəyə oynayaq? İndi dünyada məğlub edilməyəcək komanda yoxdu. Hər zaman sona qədər oynamaq və yalnız qələbə haqda düşünmək lazımdı. Matçlara da bu düşüncə ilə çıxmağa ehtiyac var.
- BATE görüşü sənin üçün yaxşı reklam, yaxşı özünüsübut matçı ola bilər?
- Hazırda komandam “Slaviya Mozır”dı və işim meydana çıxıb, nəyə qadir olduğumu göstərməkdi. Mövsüm başa çatandan sonra isə hər şey aydın olacaq. İndidən nəsə demək istəmirəm.
- Azərbaycan millisi İrlandiya və Serbiya ilə qarşılaşacaq. İrlandiyanı evdə məğlub edib, səfərdə serblərdən xal almaq mümkündü?
- Azərbaycan millisinə uğurlar arzu edirəm. Ümidvaram ki, milli hər 2 matçı da qalib başa vuracaq. Serbiya ilə səfərdə çətin olacaq. Amma futbolda hər şey mümkündü. Oyunlara baxıb, milliyə azarkeşlik edəcəm.
- Azərbaycan millisindən daha dəvət gözləməyəcksən?
- Düzünü deyim, Azərbaycan millisindən artıq dəvət gözləmirəm. Təzə-təzə optimal formamı bərpa etmişəm. Çünki çox vaxt keçmişdi. Amma ümumilikdə, anlayıram ki, məni milliyə dəvət etməyəcəklər. Uşaqlara uğurlar və zədəsiz oyunlar arzulayıram.