21 yaşlılardan ibarət yığma komandamızın futbolçusu Ədilxan Qarəhmədov Sportal.az saytına müsahibə verib:
- Yığma komanda bu gün Finlandiya önünə çıxacaq. Oyuna nə dərəcədə hazırsınız?
- Bütün oyunlara olduğu kimi Finlandiya matçına da yaxşı hazırlaşmışıq. Çünki yaxşı rəqibə qarşı oynayacağıq. Bütün komanda şəklində bu oyuna köklənmişik. Çalışacağıq ki, əlimizdən gələni edək və yaxşı nəticə əldə edək. Azarkeşlərimizin qarşısında, evdə oynamaq bizə daha çox motivasiya verir.
- Finlandiya yığması barədə hansı fikirdəsən? Səncə, yığmanın məğlub edəcəyi rəqibdi?
- Finlandiyanın oyununu izləmişik. Rəqibin bütün zəif cəhətlərini bilirik. Qrupda bütün komandalar bir-birindən xal ala bilər. Təbii ki, biz onlarla oyunda qələbə üçün çıxacağıq. Məncə, biz komanda Milan Obradoviçin dediklərini düzgün şəkildə yerinə yetirsək, təkcə, Finlandiya deyil, Xorvatiyanı da məğlub edə bilərik.
- Bundan əvvəlki 2 oyunda uduzmağınız və qol vura bilməməyiniz hər hansı inamsızlıq yaratmırki?
- Yox, bundan əvvəlki oyunlar bizə təcrübə oldu. Qollar vuracağımıza, qələbə qazanacağımıza inanıram.
- Finlandiya və Xorvatiya yığmalarından ümumilikdə neçə xal yığsanız uğurlu nəticə sayılacaq?
- Bu oyunlardan maksimum nəticə qazanmağa çalışacağıq. Allah qoysa, hər şey istədiyimiz kimi alınar. İki oyuna da qələbə üçün çıxacağıq. Məncə, biz bunu bacara bilərik.
- Səncə, yığma bu qrupda yüksək yerlər uğrunda oynama qadirdi?
- Yaxşı komandamız var. İndi bütün fikrimiz qələbə qazanmaqdı. Yuxarı yerlər üçün mübarizə aparacaq gücdəyik. Biz bunu bacaracağıq.
- Finlandiya ilə oyunöncəsi onlar üzərində hər hansı üstünlüyünüz olduğunu düşünürsən?
- Evdə oynayacağımız ilk oyundu. Bu da bizim üçün böyük üstünlükdü. Allah qoysa, bu üstünlükdən istifadə edib qələbə qazanacağıq və ilk xalımızı qazanıb, sonrakı oyunlara daha motivasiyalı çıxacağıq.