“Azərbaycan millisində az oynamışam. Ona görə milli barədə nəsə deməyim düzgün alınmaz. Amma Azərbaycanla bağlı düşüncələrim hər zaman xoşdu və daima da xatırlayıram. Qurban Qurbanov, Vidadi Rzayev, Rasim Abışov, Vyaçeslav Lıçkin, Deni Qaysumov, Aleksandr Jidkov, İqor Getmanı və digərləri çox yaxşı xatirimdədi. Deni Qaysumovla ara-bir görüşürük, Jidkovla telefonla danışırıq. Rəhbərliyi də, hamını xaıtrlayıram.”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Kazimir Qudiyev deyib. Vaxtilə Azərbaycan millisinin qapısını qorumuş Qudiyev yığmamızın hazırki çıxışını da dəyərləndirib. "Alaniya"da qapıçı məşqçisi kimi çalışdıqdan sonra hazırda yerli uşaq futbol akademiyalarında direktor kimi çalışan Kazimir millidə inkişaf olduğunu bildirib:
“Düzünü deyim, Azərbaycan millisinin bütün oyunlarına baxa bilməmişəm. Çünki yolda oluruq, səfərlərdə oluram deyə, alınmır. Amma imkan olan kimi izləyirəm oyunları. Hər zaman nəticələrlə tanışam. İrlandiya ilə 1:1 oynadılar, görünür ki, inkişaf gedir. Növbəti mərhələdə hər şey yığılacaq xallarla nətilənəcək. Doğrudu, Lüksemburq millisini məğlub etmək lazım idi. Qrupdan çıxmaq məsələsi olmasa da, özləri üçün udmalı idilər. Ki, psixoloji durum daha yaxşı olardı.
Evdə Portuqaliyaya 0:3 uduzmaqları bir az gözlənilməz oldu. Ancaq digər oyunlara görə o qədər üzülməyə ehtiyac yoxdu. Sadəcə daha da artırmaq lazımdı. Canni De Byazinin müsahibəsini gördüm, o da Azərbaycan millisində perspektiv gördüyünü deyir. Bunu oxumaq xoşdu”.
Millimizin sabiq qolkiperinin oğlu Vitali Qudiyev hazırda Rusiya Premyer Liqasında yarışan “Axmat”ın qapısını qoruyur. O, “Vitalinin Azərbaycan millisində oynamaq variantı olarsa, buna razılıq verərsiz?” sualına cavabı belə olub: “Oğlum hazırda “Axmat”da oynayır, klubun məqsədləri var və bunun uğrunda mübarizə aparırlar. İndi bütün fikrini yalnız buna yönəldib”.