Yığmamızın qapıçısı: "Daha çox qaçıb, daha çox əziyyət çəkib nəticə qazanmaq olar" - MÜSAHİBƏ

12:30 - 11 Oktyabr 2021

21 yaşlılardan ibarət yığma komandamızın qapıçısı Nicat Mehbalıyev Sportal.az saytına müsahibə verib. Yığmamızın qolkiperi AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Finlandiyaya qarşı keçirilən görüşü qiymətləndirib. Bununla yanaşı sabah 4-cü tur çərçivəsində xorvatlarla oynanılacaq matçdakı şanslarını dəyərləndirib:

- 3 gün öncə yığma Finlandiya ilə 1:1 oynadı. Səncə, matçın ədalətli nəticəsi bərabərlik idi?
- Çox yaxşı oyun oynadıq. Yaxşı hazırlaşmışdıq, rəqibi analiz etmişdik. Finlandiyanın zəif cəhətlərini bilirdik. Oyun da göstərdi ki, biz rəqibdən üstün oynadıq. Məncə, 1:1 ədalətli nəticə deyildi, qalib gəlməliydik. Amma nə etmək olar? Buna da şükür deyib, yolumuza davam edirik.

- Yığmanın bu görüşdən qalib ayrıla bilməməsinin səbəbini nədə görürsən, şanssızlıq yoxsa, ustalıq səviyyəsi?
- Bu oyunda şanssızlıqla üzləşdik. Nə qədər qol epizodları yaratdıq, alınmırdı. Rəqib isə heçnədən gəldi, qol vurdu. Sadəcə şanssızlıq oldu.

- Matçın 2-ci hissəsində komanda baş hakimdən penalti tələb edirdi. Səncə, həmin epizodda baş hakim Finlandiyanın qapısına penalti təyin etməməklə doğru addım atdı?
- Uzaqdan görünən budu ki, penalti yox idi penalti. Penalti vermək olardı, ya yox, buna artıq baş hakim qərar verəcəkdi. O da vermədi.

- Buraxdığın qolu necə şərh edərdin? Kuryoz qol alındı...
- Qapıya zərbə gözləyirdim. Çünki məsafə az idi. Sadəcə rəqib futbolçu içəriyə doğru ötürmə verdi, Arsen də topu çıxarmaq istəyərkən, top ona dəyib qapıya gəldi. Doğrudu, hər zaman zərbəni gözləmək lazımdı, sadəcə çatmadım ona. Kuryoz qol alındı. Doğurdan da biz ancaq kuryoz qollar buraxırıq.

- Səncə, nəyə kuryoz qollar buraxırıq? Nəyə görə heç olmasa bir dəfə də olsun, rəqib kuryoz qol vurmur ki, hesabda yığmamız önə keçsin?
- Bəxtsizlik deməzdim. Sadəcə sanki bir az diqqətsizik. Bir az daha diqqətli olmalıyıq. Başqa səbəbi yoxdu.

- Finlandiya yığması ilə oyun sizə inam qazandırdı ki, rəqiblərlə oynamaq olar?
- Əlbəttə ki, Finlandiya oyunu bizə çox inam qazandırdı. Bunun xeyrini qarşıdakı oyunlarda görəcəyik. Biz elə yığmayıq ki, daha çox mübarizə aparıb, daha çox qaçmalıyıq. Bunu edəcəyimiz halda, nəticə də olacaq. Çünki qrupda yer alan yığmaların futbolçularına baxırsan, ustalıq səviyyələri yüksəkdi, hansı çempionatlarda oynayırlar. Ona görə də daha çox qaçıb, daha çox əziyyət çəkib nəticə qazanmaq olar.

- Sabah komanda Xorvatiya önünə çıxacaq. Sumqayıtda xorvatları məğlub edə bilərsiniz, yoxsa çox güclü olduqlarını düşünürsən?
- Hər bir komandaya qarşı nəticə qazanmaq olar. Oyuna daha çox konsentrasiya olub, Xorvatiya matçından yaxşı nəticə ilə ayrılmaq istəyirik. Necə alınacaq, bunu oyunda görəcəyik. 

- Xorvatiyaya qarşı ilk oyunu necə xatırlayırsan? Qrupdakı ən güclü komanda onlardı?
- Fikrimcə, qrupumun ən güclüsü Xorvatiya və Norveçdi. Xorvatiyanın heyətində cavan olmalarına baxmayaraq, ustalıq səviyyəsi yüksək olan oyunçuları var. Onlar bir-birini də çox yaxşı anlayır. İlk oyunu xatırlayıram, buraxdığımız qollar indiyə kimi yadımdadı. Amma onları yaddan çıxarmalı və növbəti oyuna köklənmək lazımdı. Həmin oyun keçmişdə qaldı.

 

Xəbər xətti