"Neftçi"nin sabiq baş məşqçisi, hazırda “Qaradağ Lökbatan"da çalışan Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib.
- “Qaradağ Lökbatan”da işləriniz necə gedir?
- İşlərimiz normal gedir. Planı necə tuturuqsa, elə də gedir. Əsas da PRO-da verilən tapşırıqları çox yaxşı yerinə yetirirəm. Bunun üçün rəhbərlik tərəfindən istənilən şəraiti mənə yaradıblar, sağolsunlar.
- Son vaxtlar baş məşqçi kimi ölkə xarici və ya daxilindən təkliflər almısınız? Bu, “Neftçi”dəki baş məşqçi işinlə əlaqəli ola bilər?
- Açığı, ölkə xaricindən, İrandan təklifim var idi. İlk təklifim 1-ci liqadan idi. Qərar verməyə tələsmədim. Həmin komanda İran yüksək liqasına çıxmalıydı. Komanda çıxmadı, 5-6-cı yerdə bitirdi liqanı. Menecerim İrandan 3-4 komanda ilə danışırdı. Dedi ki, sona qədər yüksək liqa klubları ilə danışaq, olmasa, 1-ci liqa klubuna rahat gedərsən. Danışığımız belə olmuşdu. İran liqasında da pandemiya ilə əlaqədar problemlər oldu, çempionat 30 gün təxirə salınmışdı. Daha sonra Azərbaycanla İran arasında yaranan siyasi məsələlərə görə, bütün danışıqları dayandırmışam. Heç bir təklifim yoxdu hazırda. İndi diqqətim məşqlərimizdə və PRO-dadı.
- Səni “Antalyaspor”un düşərgəsinə dəvət etmiş Ərsun Yanal komandadan ayrıldı. Onunla danışmısan? Deyəsən, səni komandanın oyunlarına da dəvət etmişdi. Gedəcəksən, yoxsa Yanal orada yoxdu deyə, imtina etdin?
- Bəli, Ərsun Yanal dəvət etmişdi ki, rəsmi oyunlarında iştirak edim. Hazırlaşırdım ki, “Antalyaspor”un düşərgəsinə yollanım. Amma o, son matçdan sonra istefa verdi. Hazırda Ərsun Yanal işsizdi. Əlbəttə ki, çox istəyərdim onun yanında yer alım, mənim üçün çox xoş olardı. Çünki o, çox savadlı, tələbkar, müasirdi. Öyrənməyə hər zaman açıqdı, hər zaman yeniliklər istəyir. Bu keyfiyyətlərini nəzərə alıb, onun kimi təcrübəli və bacarıqlı məşqçinin yanında olmaq istəyərdim. Ki, keyfiyyətindən, bacarığından yararlanım. O, bizi, millətimizi, dövlətimizi çox sevir. Ona görə də bu insanın yanında olmaq çox xoş olardı.
- Əgər Yanal hansısa kluba baş məşqçi kimi yollanarsa, səni özünə köməkçi kimi dəvət edə bilər?
- Bu haqda heç nə deyə bilmərəm. Allah qoysa, Ərsun Yanal bir komandaya getsin. Önəmli olan bu cür məşqçinin komanda çalışdırmasıdı. Gələcəkdə ona uğurlar arzulayıram. Daha yaxşı komandada baş məşqçi olar.
- Azərbaycan milli komandasının çıxışını necə dəyərləndirirsən? İrlandiyaya 0:3 hesablı məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- Çox inanırdım millimizə. Komandamızın son oyunlarda yaxşı oyun göstərməsi ümid vermişdi ki, yığmadan İrlandiya görüşdə də uğurlu nəticə gözləyək. Sadəcə millimizin uğursuzluğu ilk dəqiqələrdə tez qol buraxmasıydı. Gözlənilirdi ki, İrlandiya 15 dəqiqə böyük, sürətli pressinq edəcək. Ona görə düşünürdüm ki, 15 dəqiqə qol buraxmasaq, komanda öz oyununu tutub daha yaxşı oyanaycaq. Erkən qol oyunumuzu sındırdı.
- Serbiya görüşündən gözləntilərin nədir? Səfərdən xalla dönmək mümkündü?
- Məğlubiyyətdən sonra çətindi. Yol məsələsi də var. Bu da komandaya təsir edəcək. Amma baş məşqçimiz təcrübəlidi, futbolçular keyfiyyətli və təcrübəlidi. Öhdəsindən gələcəklər, toparlanacaqlar. Səfərdə də oslsaq, yaxşı oyun göstərib xalla qayıda bilərik. Millimizə uğurlar arzulayıram.
- Canni De Byazi millimizdə nəticə verə bilmədi. Demək olar ki, onda da heç nə alınmadı?
- Çox danışmaq istəmirəm milli haqda. Canni De Byazi təcrübəli məşqçidi. Ola bilər ki, nəticə alınmadı. Yaxşı komanda qurulub. İrəlidəki oyunlarda millimizə uğurlar.
- Vaxtilə Serbiya və Çernoqoriya ilə səfərdə 2:2 oynadığımız matçın iştirakçılarından biri də sənsən. Həmin oyunu necə xatırlayırsan?
- Serbiya ilə çox gözəl xatırlayıram. 1-ci hissədə 0:2 geridəydik. 2-ci yarı başlayan kimi 1 qol vurduq və böyük ümid yarandı ki, 2-ci qolu da vura bilərik. Samir Əliyevin ötürməsindən sonra Qurban Qurbanov 1 toxunuşla gözəl qol vurdu. Matç 2:2 sona çatdı. Oyundan sonra paltardəyişmə otağında nələr baş verdiyini xatırlayıram, hamısı xoş idi.